Dələduzluq yolu ilə vətəndaşın 60 min manatını mənimsəyən şəxs saxlanılıb
Bakı, 30 mart, AZƏRTAC
Dələduzluq yolu ilə insanları aldadaraq zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinə müraciət edən vətəndaş Anar Səfərov Cahid adlı şəxsin ona yalan vəd verərək depolardan tibbi ləvazimatlar alıb apteklərə satmaq yolu ilə gəlir qazanacaqlarını bildirərək 60 min manat pulunu ələ keçirdiyini qeyd edib. Zərərçəkən həmin şəxsə 2017-ci ilin aprelində Bakıxanov qəsəbəsində müvafiq işin görülməsi müqabilində pul verəndən sonra Cahid verdiyi vədə əməl etməyərək onu aldadıb.
Rayon polis idarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin şəxs - Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Cahid İsayev saxlanılaraq istintaqa təqdim edilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən C.İsayevin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Sabunçu Rayon Polis İdarəsinə müraciət edə bilərlər.