Dəmiryolçular uşaqları təbrik edib
Bakı, 1 iyun, AZƏRTAC
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Şağan qəsəbəsindəki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsində xeyriyyə tədbiri keçiriblər.
QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova, 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsinin direktoru Sevinc Məlikova və YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abbasquliyeva uşaqları bayram münasibətilə təbrik edib. Bildirilib ki, son illərdə ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə uşaq evlərinin, internat məktəblərinin, o cümlədən Şağan qəsəbəsindəki 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsinin maddi-texniki bazası, texniki təchizatı daha da gücləndirilib. Burada yaşayan əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şərait yaradılıb. Uşaq evlərinin sakinləri hər cür qayğı ilə əhatə olunublar.
Daha sonra müəssisənin həyətində əqli və fiziki qüsurlu uşaqlara sənətçilər, aktyorlar və gözbağlayıcılar maraqlı səhnəciklər, eləcə də musiqi proqramı təqdim ediblər, uşaqlara əsl bayram əhval-ruhiyyəsi yaşadıblar.
Sonda dəmiryolçular tərəfindən uşaqlara müxtəlif hədiyyələr təqdim olunub və xeyriyyə tədbiri bayram süfrəsi arxasında davam etdirilib.