SİYASƏT
Deputat: Dövlət Proqramı işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialını milli iqtisadiyyatımızla bütövləşdirəcək
Bakı, 17 noyabr, AZƏRTAC
Tarixi Zəfərimizdən sonra milli-strateji vəzifə kimi qarşımızda duran ən mühüm məsələlərdən bir xalqımızın üzün illərdir gözlədiyi Böyük Qayıdışın reallaşmasıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.
Deputat bildirib ki, bu, özlüyündə çox çətin, mürəkkəb, amma, eyni zamanda, müqəddəs bir vəzifədir. Artıq iki ildir ki, bu istiqamətdə ciddi maliyyə tutumuna malik çox böyük yol-kommunikasiya, enerji və infrastruktur layihələri həyata keçirilib və keçirilməkdədir. Ancaq bunun dövlət proqramı çərçivəsində həyata keçirilməsinə ehtiyacı duyulurdu. Azərbaycan Prezidenti məhz bu zərurəti nəzərə alaraq “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair birinci Dövlət Proqramı haqqında Sərəncam imzaladı.
H.Babaoğlu bildirib ki, Sərəncamda Böyük Qayıdış 5 milli prioritetimizdən biri kimi səciyyəndirilərək mərhələli şəkildə proqramın icrası ilə bağlı konkret layihələrin həyata keçirilməsini nəzərdə tutur. Proqram üzrə icraçılar müəyyənləşdirilir və konkret vəzifələr qarşıya qoyulur. Eyni zamanda, görülən işlərlə bağlı qiymətləndirmə aparacaq qurum da müəyyənləşdirilir.
“Bu tədbirlər konkret vaxt və qrafik əsasında aparılacağı üçün məcburi köçkünlərimizin öz yurd-yuvalarında məskunlaşmalarını sürətləndirəcək və işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialını milli iqtisadiyyatımızla bütövləşdirəcək”, - deyə Hikmət Babaoğlu vurğulayıb.