Deputat: Mina xəritələrinin Ermənistandan alınması Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun növbəti təsdiqidir
Bakı, 4 iyul, AZƏRTAC
Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələri iyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Azərbaycan tərəfinə təqdim edib. Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində mina xəritələrinin əldə edilməsi Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, Azərbaycan diplomatiyasının növbəti uğurudur.
Bunu AZƏRTAC-a açıqlamasında Böyük Qurtuluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa bildirib.
Füzuli və Zəngilanda işğal dövründə basdırılmış təqribən 92 min mina xəritəsinin ermənilərdən alınmasının Prezident İlham Əliyevin israrla və qətiyyətlə ermənilər qarşısında qaldırdığı bütün məsələlərin bundan sonra da həll ediləcəyinə bir işarə olduğunu söyləyən F.Mustafa vurğulayıb ki, mina xəritələrinin Ermənistandan alınması Azərbaycan dövlətinin nüfuzu ilə bağlı məsələdir. Çünki bu gün Azərbaycan qalib ölkə, regionda söz sahibidir və bölgədə baş verən proseslər onun diktəsi ilə həyata keçirilir. “Müharibə bitən gündən biz bu məsələni beynəlxalq səviyyədə daim qaldırdıq və bu da öz bəhrəsini verdi. Mina xəritələrinin Ermənistandan alınması böyük diplomatik uğurumuzdur. Hesab edirəm ki, bunun ardınca digər hədəflərimizə, o cümlədən Zəngilan dəhlizinin açılmasına da çatacağıq", - deyə deputat bildirib.
Qeyd edilib ki, xəritələrin növbəti partiyasının verilməsi Azərbaycanın gələcəyi üçün olduqca önəmli hadisədir. Bu, eyni zamanda, Ermənistanın müəyyən dərəcədə inad savaşından uzaqlaşmaq və məsələlərə daha yeni formada yanaşmaq istəyinin bir işarəsidir. Biz bu xəritələri əldə edəndən sonra ərazilərin təmizlənməsini daha çevik şəkildə, daha sürətlə həyata keçirəcəyik. Ona görə də bu istiqamətdə işlərimizin davam etdirilməsi olduqca vacibdir. Əminik ki, bütün bunlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qarabağa, sözün bütün mənalarında, Böyük Qayıdış hərəkatını da sürətləndirəcək.