CƏMİYYƏT
Deputat: Soçi görüşündə Azərbaycan öz maraqlarını tam qoruya bildi
![Deputat: Soçi görüşündə Azərbaycan öz maraqlarını tam qoruya bildi](/files/2022/3/1200x630/16673735393784013558_1200x630.jpg)
Bakı, 2 noyabr, AZƏRTAC
Soçidə keçirilən üçtərəfli görüş başa çatdı və görüşün yekununa dair birgə Bəyanat qəbul edildi. Azərbaycan Prezidentinin, Ermənistanın baş nazirinin və Rusiya Prezidentinin 31 oktyabr tarixli Bəyanatı Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.
O bildirib ki, Ermənistanın görüşdən əvvəl milli maraqlarımızın əleyhinə səsləndirdiyi bütün tezislər və bu tezisləri reallaşdırmaq üçün etdikləri cəhdlər Azərbaycan tərəfindən qətiyyətlə rədd edildi. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə keçirdiyi görüşdə bəyan etdiyi “Qarabağ münaqişəsi həll olunub, bu kontekstdə danışacaq heç bir mövzu yoxdur” kimi prinsipial və dəyişməz mövqeyi toxunulmazlığını qorudu, Bəyanatda Qarabağla bağlı heç bir kəlmə yer almadı. Bu faktın özü isə Qarabağ və orada yaşayan ermənilərlə bağlı məsələnin Azərbaycanın daxili işi olduğunu bir daha təsdiq etdi. Ən vacibi isə üçtərəfli Bəyanatı imzalayan Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığı prinsipini bir daha qəbul etməyə məcbur edildi. Bütün gərginliklərə baxmayaraq Azərbaycan öz maraqlarını tam qoruya və real təzyiqləri dəf edə bildi. Bununla da, “Brüssel Danışıqlar Formatı” çərçivəsində ölkəmizin müəyyən etdiyi 5 təməl prinsip əsasında sülh müqaviləsinin ilin sonuna kimi imzalanması üçün yeni imkanlar yarandı.