DEPUTATLAR “MƏŞĞULLUQ HAQQINDA” QANUNUN TƏTBİQİ İLƏ ƏLAQƏDAR BƏZİ QANUNLARA DƏYİŞİKLİKLƏRİ TƏSDİQ ETMƏDİLƏR
Milli Məclisin deputatları “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunlara dəyişikliklər edilməsi nəzərdə tutulan qanun layihəsini təkmilləşdirməyə qaytarmışlar.
Milli Məclisin dekabrın 6-da keçirilən ümumi iclasında “Hərbi qulluqçuların statusu haqqında” qanunun 9-cu maddəsinin ləğv edilməsi ətrafında qızğın müzakirələr getdi. Həmin maddədə yerli icra hakimiyyəti orqanlarının keçmiş hərbi qulluqçuların işə düzəlməsi üçün məsuliyyət daşıdığı nəzərdə tutulur. Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bu orqanların həmin məsələ ilə onsuz da məşğul olmadıqlarını, bazar iqtisadiyyatı şəraitində göstərilən şəxslərin işə düzəldilməsinin mümkün olmadığını desə də, deputatların əksər hissəsi onun dəlilləri ilə razılaşmadı. Üstəlik, onların bəziləri qanuna yerli icra hakimiyyəti orqanlarının məsuliyyətini gücləndirən maddə əlavə olunmasını təklif etdilər.
Deputatlar “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 25-ci maddəsinin yeni redaksiyası ilə də razılaşmadılar. Çünki yeni redaksiyada əlillər üçün müəyyən miqdarda iş yerləri əvəzinə, sadəcə olaraq, hansısa kvota qoyulur.
İclasda sədrlik edən parlament sədri Murtuz Ələsgərov müzakirələri yekunlaşdıraraq, bu sənədi işlənib təkmilləşdirilmək üçün komissiyalara qaytarmağı qərara aldı.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputatlar sənədin mətnindən tender sözünün çıxarılıb, “müsabiqə” sözü ilə əvəz olunmasına narazılıqlarını bildirdilər. İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov və Maliyyə Nazirliyi baş idarəsinin rəisi Azər Bayramov həmin məsələyə aydınlıq gətirərək, “müsabiqə” sözünün daha geniş məna daşıdığını vurğuladılar. Müzakirədən sonra deputatlar həmin qanuna dəyişiklik və əlavələri təsdiqlədilər.