DƏYİRMİ MASA-SEMİNAR BAŞA ÇATDI
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, ABŞ-ın Dövlət Departamenti, Ədliyyə Nazirliyi və Hüquqşünaslar Assosiasiyasının “Yeni cinayət prosedurlarında konstitusiya hüquqlarının təmin edilməsi” mövzusunda keçirdikləri dəyirmi masa-seminar avqustun 29-da öz işini davam etdirmişdir. İclasa Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Xanlar Hacıyev sədrlik edirdi. Həmin gün “Azərbaycan Respublikasında andlılar məhkəməsi təsisatının həyata keçirilməsi problemləri” müzakirə olundu. Konstitusiya Məhkəməsinin hakimi Eldar Məmmədov “Azərbaycan Respublikasında andlılar məhkəməsinin fəaliyyətinin prosessual əsasları”, ABŞ-ın ölkəmizdəki səfirliyinin hüquqi məsələlər üzrə müşaviri Bet Şrinan və ABŞ Ədliyyə Nazirliyinin məsul işçisi Rendi Hammel “ABŞ andlılar məhkəməsi” mövzularında məruzələr etdilər.
Sonra andlılar məhkəməsinin fəaliyyətinin problemlərinə dair ümumi treninq keçirildi, dəyirmi masa-seminarın işinə yekun vuruldu.
Natiqlər dedilər ki, dəyirmi masa-seminarın gedişində müzakirə olunmuş məhkəmə-hüquq islahatlarının əsas aspektləri ədalətli məhkəmə icraatının demokratik prinsiplər əsasında bərqərar olmasında böyük əhəmiyyətə malikdir. Hüquq-mühafizə orqanları hər hansı bir insanı cinayətə görə təqib edərkən cinayət işini tam, hərtərəfli və obyektiv surətdə araşdırmalı və yalnız kifayət qədər dəlil-sübut topladıqdan sonra işi məhkəməyə təqdim etməlidirlər. Çıxış edənlərin fikrincə, ədalət mühakiməsinin həyata keçirilməsi məntiqəuyğun müddətdə müəyyən edilmiş prosedur üzrə məhkəmə araşdırmaları aparmaqdan və məhkəmənin topladığı və araşdırdığı dəlil-sübutlardan asılı olaraq və qanunun tələblərinə riayət edərək ittiham və ya bəraət hökmü çıxarmaqdan ibarətdir. Həmin problemə görə digər şəxslərin hüquqlarının pozulmasına yol vermək olmaz. Məhkəmə ədalət mühakiməsinin mənafelərinin yanlış təfsirinin girovuna çevrilməməlidir.
Tədbirin sonunda “Məhkəmədə işlər araşdırılarkən konstitusiya hüquqlarının təmin edilməsində hakimlərin, prokurorların və vəkillərin rolu” mövzusunda fakultativ treninq keçirildi.
Bununla da dəyirmi masa-seminar başa çatdı.