Diabetli uşaq və yeniyetmələr üçün istirahət düşərgələrinin təşkili ilə bağlı müzakirələr aparılmışdır
Bakı, 18 oktyabr (AZƏRTAC). “Dünyaya baxış” beynəlxalq humanitar təşkilatının ölkəmizdəki nümayəndəliyi tərəfindən həyata keçirilən “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər” layihəsi çərçivəsində oktyabrın 18-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Diabet Liqasının (ADL) təşkilatçılığı ilə “Xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclər üçün istirahət düşərgələrinin təşkili” mövzusunda müzakirələr aparılmışdır.
AZƏRTAC xəbər verir ki, müzakirələrdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və həkimlər iştirak etmişlər.
Tədbirdə əvvəlcə ADL-in fəaliyyətindən bəhs edən videoçarx göstərilmişdir.
Sonra ADL-in sədri, Milli QHT Forumunun səhiyyə sektorunun rəhbəri Yeganə Sultanova çıxış edərək bildirmişdir ki, tədbirin keçirilməsində məqsəd sağlamlıqlarında problemləri olan uşaq və gənclər üçün xüsusi şəraitli istirahət düşərgələrinin təşkilinin əhəmiyyətini ictimaiyyətə çatdırmaq və bu istiqamətdə birgə səylər göstərilməsinə nail olmaqdır. Məlumat verilmişdir ki, Azərbaycan Diabet Liqası 2000-ci ildən xüsusi qayğıya ehtiyacı olan diabetli uşaqlar və gənclər üçün istirahət düşərgələri təşkil edən ilk ictimai birlikdir. Bu qurumu Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzi hər zaman tibb işçiləri və tibbi ləvazimatları ilə təmin etmişdir. ADL 1999-cu və 2001-ci illərdə Türkiyə Diabet Fondunun və Türkiyə Uşaq və Yeniyetmələr Dərnəyinin dəvəti ilə təcrübə mübadiləsi üçün bu ölkədə yay düşərgələrin təşkilində iştirak etmişdir. Eyni zamanda, 2007-ci ildə ABŞ-ın Ohayo ştatında Klivlend Diabet Assosiasiyasının təşkil etdiyi daimi düşərgələrin təşkilində təcrübə toplamışdır.
Diqqətə çatdırılmışdır ki, xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclər üçün istirahət düşərgələri onların yaradıcılıq imkanlarının üzə çıxarılmasında və cəmiyyətə inteqrasiya olunmalarında mühüm əhəmiyyət kəsb edir. Məhz uzun yay tətili dövründə belə düşərgələr əyləncəli və davamlı pedaqoji təhsilə imkan verir.
Müzakirələrdə çıxış edən Respublika Endokrinoloji Mərkəzin direktoru Rauf Cabbarov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və başqaları vurğulamışlar ki, bu gün şəkərli diabeti olan uşaq və gənclərin reabilitasiyasına xərclənən vəsait gələcəkdə onlarda yarana biləcək ağır xroniki fəsadlara, əlilliyə sərf edilən maddi vəsaitdən sosial-iqtisadi baxımdan dəfələrlə sərfəlidir. Qeyd edilmişdir ki, diabetli uşaq və yeniyetmələrin sağlam gələcəyi naminə bütün səylər birləşdirilməlidir.
Tədbirdə, həmçinin Yeganə Sultanovanın “Qeyri-infeksion xroniki xəstəlikləri olan uşaq və yeniyetmələrin reabilitasiyası üçün istirahət düşərgələrinin hazırlanması ilə bağlı tövsiyələr” kitabı da təqdim edilmişdir.