Dilçilik İnstitutunda Beynəlxalq Ana Dili Günü qeyd olunub
Bakı, 20 fevral, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan müəssisənin baş direktoru professor Nadir Məmmədli Beynəlxalq Ana Dili Gününün yaranma tarixindən danışıb. Bununla yanaşı, baş direktorun çıxışında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddənin daxil edilməsi xüsusi qeyd olunub.
Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərov “Azərbaycanda dil siyasəti”, Türk dilləri şöbəsinin aparıcı elmi işçisi dosent Elnarə Əliyeva “Qloballaşma dünyada ana dili problemi”, elmi işçi Arzu İsgəndərzadə “Dilimiz kimliyimizdir” mövzularında məruzə ilə çıxış ediblər. Alimlər Azərbaycan dilinin dünyanın ən inkişaf etmiş və zəngin dillərindən biri olduğunu söyləyib, dilimizi yad ünsürlərdən qorumağın, həmçinin dilin tədrisi məsələsinə ciddi yanaşmağın zəruriliyini vurğulayıblar.
Tədbirdə professorlar İlhami Cəfərsoy və İsmayıl Kazımov, filologiya elmləri doktoru Nəriman Seyidəliyev, dosentlər Kifayət İmamquliyeva və Şəkər Orucova çıxış edərək ölkəmizdə Azərbaycan dilinin saflaşdırılması və inkişaf etdirilməsi sahəsində görülən işlərdən danışıblar.