DİLİMİZİ QORUMAQLA MİLLƏTİMİZİ YAŞADIRIQ
Azərbaycan Müəllimlər İnstitutu Ağcabədi filialının direktorunun müavini Mətanət Fərzəliyeva AZƏRTAC-ın müxbirinə demişdir ki, bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyun tarixli Fərmanında deyildiyi kimi, dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. Dilimiz dünya dilləri arasında ən kamil dillərdən biridir. Əlifbamıza gəldikdə isə, müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait dünya xalqlarının ümumi yazı sisteminə qoşulmağımız üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu əlifbaya keçid ölkəmizdə 2001-ci ilin avqust ayında bütövlükdə təmin edildi. Yeni əlifbadan istifadə müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisədir.
Adını çəkdiyim Fərmana, “Azərbaycan Respublikasında dövlət dili haqqında” 2002-ci il 30 sentyabr tarixli Qanuna baxmayaraq, ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində hələ görüləsi işlər çoxdur. Yadımdadır, Fərmanda deyilirdi ki, bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və s. sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl edilmir.
Etiraf edək ki, müstəqil mətbuat vasitələri yaranandan sonra ən çox zərər çəkən ana dilimiz olub. Bir çoxları dilimizə “əlavələr” edir, onu “zənginləşdirməyə” çalışırlar. Anlamaq istəmirlər ki, heç bir dil zorakılığı, süniliyi qəbul etmir. Xüsusilə Anadolu türkcəsindən sözləri, məhdud yerli ləhcə və şivələri yazılı dilimizə gətirmək, rusca düşünüb azərbaycanca danışmaq azarı müstəqil televiziyalarda geniş yayılıb. Eyni zamanda, dilimizdə vətəndaşlıq qazanmış alınma sözlərə kor-koranə müharibə elan etmək də donkixotluqdan başqa bir şey deyildir. Əlbəttə, mən sosializm dövrünün ömrünü başa vurmuş terminlərindən danışmıram. Reklamların dili xüsusilə bərbaddır.
Dövlətimiz Azərbaycan əlifbasının, Azərbaycan dilinin inkişafına qayğı göstərir. Bu sahədə bir sıra mühüm sənədlər qəbul edilmişdir. Hər birimizin borcu bu sənədlərin həyata keçməsinə öz töhfəsini verməkdir. Dili qorumaq, milləti yaşatmaqdır. Gəlin dilimizi qoruyub millətimizi yaşadaq.