Dillər Universitetində Çin Xalq Respublikasının yaradılmasının 76-cı ildönümü qeyd edilib
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində Konfutsi İnstitutu Çin Xalq Respublikasının (ÇXR) yaradılmasının 76-сı ildönümünə həsr olunmuş “Böyük qələbələr və nailiyyətlər dövrü” adlı seminar keçirib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri açan Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinin 76 il ərzində keçdiyi inkişaf yolundan, ölkənin iqtisadi və mədəni sahələrində qazanılan uğurlardan, ÇXR-in yaranma tarixindən və bu hadisənin XX əsr dünya siyasi tarixində əhəmiyyətindən danışıb. O, Çin Kommunist Partiyası (ÇKP) və ÇXR-in banisi, Xalq inqilabının lideri Mao Tszedunun ölkə tarixindəki rolunu xüsusi qeyd edib. Bildirib ki, dünyada nəhəng hakim partiyalardan biri olan ÇKP-nin rəhbərliyi ilə ölkə qlobal gücə və dünya iqtisadiyyatının lokomotivinə çevrilib. Onun yaratdığı unikal idarəetmə sistemi milli təhlükəsizliklə əlaqədar istənilən təhdidə qarşı mübarizə aparmağa qadirdir. R.Abbasov bildirib ki, modernləşdirmə siyasəti nəticəsində Çin dünyanın daha dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Çin iqtisadiyyatı nəinki qloballaşma prosesinin mühüm iştirakçılarından birinə çevrilib, həm də inkişaf etmiş, eləcə də inkişafda olan ölkələrin bazarına daxil ola bilib. Bununla da dünya iqtisadiyyatının, həmçinin dünya valyuta-maliyyə bazarının böhranı zamanı çox mühüm ticarət gücünə çevrilib. Hazırda modernləşdirmə siyasətinin əsas məqsədi orta təbəqənin da olduğu güclü, demokratik, sivil və müasir sosialist dövlətinin yaradılması, millətin böyük dirçəlişi barədə Çin arzusunun həyata keçirilməsidir. Çin uzun illərdir ki, ÜDM istehsalına görə dünyada ikinci yerdədir, xarici ticarət və xarici investisiyanın həcminə görə də dünyanın aparıcı ölkələri ilə bir sıradadır. Ölkənin bu cür irəliləməsi perspektivləri dünyanın inkişafı, dirçəlişi və sabitliyi perspektivləri ilə möhkəm əlaqədardır. Çin bundan sonra da qarşılıqlı bəhrələnmə, həmçinin dünyada müstəqil, xarici sülh siyasəti və sabitlik prinsipləri əsasında aşkarlıq strategiyasına əməl etməyə hazırdır. Bu baxımdan Çin islahatlar siyasəti ilə dünyaya hərtərəfli aşkarlığın yeni yaradıcılıq fenomenini təqdim etməyə müvəffəq olub.
R.Abbasov Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Çin ilə əlaqələrin inkişaf etdirilməsi üçün böyük işlər görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, Çin və Azərbaycan liderləri arasında münasibətlər qarşılıqlı əlaqələrin inkişafına geniş yol açır. O, diplomatik münasibətlərin qurulduğu gündən ölkələrimiz arasında dostluq əlaqələrinin qarşılıqlı inam və hörmət əsasında inkişaf etdiyini söyləyib. Vurğulayıb ki, son illərdə tarixi Böyük İpək Yolunun birləşdirdiyi iki ölkə - Azərbaycan ilə Çin arasında humanitar sahədə əməkdaşlıq yüksək templə inkişaf edir. Bu, hər şeydən əvvəl, Çin tərəfinin Avrasiya iqtisadi-nəqliyyat dəhlizlərinin yaradılması, həmçinin İpək Yolu ölkələri arasında humanitar mübadilə, mədəniyyətlərarası dialoq və siyasi ünsiyyətin təmin olunması istiqamətində nəzərdə tutulmuş “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində ölkəmizin fəal iştirakı ilə əlaqədardır. Hazırda Azərbaycan ilə Çin “Trans-Xəzər nəqliyyat xətti” layihəsinin həyata keçirilməsi sahəsində də əməkdaşlıq edir. Bütün bunlar Çinin aşkarlıq siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsinin, həmçinin yeni tipli beynəlxalq münasibətlərin yaradılması və “Birgə taleyi bölüşən insan cəmiyyətinin” formalaşmasının əyani göstəricisidir.