Dillər Universitetində elmi seminar: “Azərbaycan-Çin təhlükəsizlik əməkdaşlığı"
Bakı, 29 mart, AZƏRTAC
Martın 29-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 99-cu ildönümünə həsr olunan "Azərbaycan-Çin təhlükəsizlik əməkdaşlığı" mövzusunda elmi seminar keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyini qorunması və möhkəmləndirilməsi, ölkəmizdə sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində gördüyü böyük işlərdən danışıb. İpək Yolunun dirçəlməsində Azərbaycanın geostrateji rolundan söz açan Rafiq Abbasov Azərbaycan-Çin əməkdaşlığının Avro-Asiya nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynadığını vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə terrorizm, ekstremizm və separatizmə qarşı mübarizə sahəsində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladığını xatırladıb. Rafiq Abbasov Çin ilə Azərbaycan arasında transmilli iqtisadi cinayətlərə, kibercinayətkarlığa qarşı mübarizədən, Böyük İpək Yolu boyunca təhlükəsizliyin təmin olunmasından danışaraq, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti ilə Çin Xalq Respublikası Dövlət Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasının vacibliyini qeyd edib.
Seminarda Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev аdına Akademiyasının professoru Cəlal Qasımov “Azərbaycan təhlükəsizliyi orqanlarının keçdiyi tarixi inkişaf yolu” mövzusunda təqdimatla çıxış edib.
Seminarda Çinin Azərbaycandakı səfirliyinin hərbi attaşesi Çan Cunqo Çinin milli təhlükəsizliyinin regional və beynəlxalq səviyyədə təmin edilməsi, Çinin milli maraqları və prioritetləri barədə danışıb.
Sonda qonaqlara Azərbaycan və Çin dillərində hazırlanan, 2003-2017-ci illərdə hər iki ölkə arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı istiqamətində Prezident İlham Əliyevin çoxplanlı fəaliyyətlərini əks etdirən "Azərbaycan-Çin: diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü" adlı elektron kitab təqdim olunub.