DİN VƏ MƏTBUAT MƏSƏLƏSİ DƏYİRMİ MASADA MÜZAKİRƏ OLUNMUŞDUR
Mətbuat Şurasının sədri Əflatun Amaşov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini hacı Salman, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli çıxışlarında mövzunun aktuallığını vurğulamışlar. Bildirilmişdir ki, Azərbaycanda dini azadlıq Konstitusiya ilə təsbit olunmuş, bütün dinlərin nümayəndələri üçün bərabər şərait yaradılmışdır. Azərbaycanda tarixən həmişə milli azlıqlar yaşamışlar. Lakin yalnız müstəqillik əldə edildikdən sonra, dövlətin ətraflı düşünülmüş siyasəti sayəsində hazırda bir çoxlarına nümunə göstərilən tolerantlıq bərqərar olmuşdur.
Lakin cəmiyyətdə qeyri-sabitliyin yaradılmasında maraqlı olan bəzi qrupların mətbuatda dindarların hisslərini alçaldan bəyanatlarla çıxış etmələri faktları da mövcuddur.
Azərbaycan İslamı qəbul edən ilk ölkələrdən biridir. Əsrlər boyu burada İslam dəyərlərinə söykənən milli mentalitet, tarixən yüksək mənəviyyat modeli formalaşmışdır. Lakin ölkədə din məsələlərini elmi əsaslarla öyrənməyə qadir peşəkarların çatışmazlığı hiss olunur. Bu məqsədlə gələn ildən Bakı İslam Universitetində jurnalistlər üçün kurslar fəaliyyət göstərəcəkdir.
Sonra jurnalistlərin iştirakı ilə müzakirələr aparılmışdır.