“DİRÇƏLİŞ-XXI ƏSR” JURNALININ NÖVBƏTİ NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
“Dirçəliş-XXI əsr”in oxucuları, jurnalı ilin əvvəlindən yeni baxışda, yeni tərtibatda görürlər. Belə ki, bu ildən dərginin auditoriyası üç dəfə genişlənmişdir. Başqa sözlə, azərbaycandilli oxucularla yanaşı, ingilis və rusdilli xalqların nümayəndələri də jurnalı öz dillərində oxumaq imkanı əldə etmişlər.
Jurnalın redaktoru A.Mustafazadənin “Azərbaycan-şəxsiyyət kontekstində” adlı yazısında milli dövlətçiliyimizin inkişaf tarixinin bütöv bir dövrü adı ilə bağlı olan ümummilli liderimiz Heydər Əliyevin doğum günü yad edilir. Heydər Əliyev dövlətçilik təfəkkürünün fenomenindən bəhs edən müəllif, fikrini ATƏT-in nüfuzlu ekspertlərindən birinin sözləri ilə tamamlayır. “Heydər Əliyev Azərbaycan xalqına konkret olaraq nə vermişdir? Sorğusuna cavab, əlbəttə, yalnız bu ola bilər: o sizə Yol göstərib”. Azərbaycanımız neçə illərdir ki, bu yolun izini, işığını tutub gedir.
Dərginin rəsmi bölməsində, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri ilə bağlı materiallar dərc edilmişdir. Oxucular bu bölmədə Azərbaycan və ABŞ prezidentlərinin bəyanatlarını və dövlətimizin başçısı İlham Əliyevin ”ABŞ-Azərbaycan strateji əlaqələri: siyasi və iqtisadi prioritetlər” mövzusunda nitqinin mətnini oxuya biləcəklər.
Bu rubrikadan, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu zirvə toplantısında Prezident İlham Əliyevin nitqi dərc edilmişdir.
“Əliyev-Buş” münasibətlərinin Vaşinqton formatı dünyaya nəyi göstərə bilər? Moskva şəhər analitik-informasiya bürosunun rəhbəri, politoloq Oleq Sıqanov bu sorğunun şərhini “Azərbaycan siyasətinin Amerika vektoru” adlandırdığı məqaləsində vermişdir.
Latın Mədəniyyəti Akademiyasının Heydər Əliyev Fondu ilə birgə keçirdiyi “Azərbaycan sivilizasiyalararası dialoqun keçmişi və bu günü” mövzusunda beynəlxalq konfransdan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Latın Mədəniyyəti Akademiyasının baş katibi Kandido Mendesin, İordaniya Haşimilər Krallığının şahzadəsi, Roma klubunun sədri əl-Həsən bin Talan və YUNESKO baş direktorunun müavini Jerom Bindenin çıxışları da jurnalda öz əksini tapmışdır.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun “TRASEKA: reallıq, təzadlar və maraqlar” sərlövhəli məqaləsi Azərbaycanın unisirovka etdiyi transmilli kommunikasiya layihələrinin analitik tədqiqatıdır. Yazıda müasir dünyada yaranmış enerji şəraitinin coğrafi-siyasi təhlili verilir. Sivilizasiyalararası dialoqda, layihənin iştirakçısı olan ölkələr arasında qarşılıqlı münasibətlərin inkişafında Böyük İpək Yolunun bərpası üzrə proqramın rolu qeyd olunmuşdur.
Siyasi elmlər doktoru, professor Rövşən Mustafayevin təqdim edilmiş “Virtuallıq” politoloji essesində erməni etnokorporasiyalar problemləri nəzərdən keçirilir, onun törətdiyi yəhudi, rus, türk, gürcü, azərbaycanlı, tat, ləzgi, qaraçı, digər xalq, etnik və dini cəmiyyətlərin kütləvi qətliamlarını göstərən tarixi sənədlər şərh olunur.
ABŞ dövlət katibinin sabiq müavini Stüart Auzenstatın 1996-1998-ci illərin sənədlərinə istinadən “Xolokost dövründə nasistlərin qarət etdikləri qızıl məsələlərinə dair” Beynəlxalq konfransdan çıxışı əsasında oxucuya təqdim edilmiş məqalə eyni mövzunun məntiqi davamı kimi xüsusi maraq doğurur.
Jurnalda ekspert Natəvan Faiqqızının “Alim Qasımovun portretinə cizgilər” kitabından verilmiş bir bölmə ingilisdilli oxucular üçün nəzərdə tutulmuşdur. Kitab yeddi dildə dünya xalqlarına təqdim ediləcəkdir.
AMEA İnsan Hüquqları İnstitutunun şöbə müdiri, hüquq elmləri namizədi Rauf Qarayevin (“Azərbaycanın müasir mülki hüququ və mülki-hüquqi sistemləri ailəsində onun yeri”) və həmin institutun Siyasi Təhlükəsizlik Mərkəzinin direktoru Rəşad Rzaquliyevin (“Yeni siyasət”), iqtisad elmləri doktoru Tofiq Hüseynovun (“Müasir Azərbaycanın iqtisadi durumu və investisiya siyasəti”), fəlsəfə elmləri namizədləri Tahirə Allahyarova (“Cəmiyyətin siyasi həyatı-sosial sinergetikanın obyekti kimi”) və Zöhrə Əzizovanın (“Avropa maarifçiliyi Azərbaycan tədqiqatında”), tarix elmləri namizədi, dosent Lətifə Həsənovanın (“XX yüzilliyin ikinci yarısında Azərbaycanda əhali probleminin bəzi xüsusiyyətləri”), kənd təsərrüfatı elmləri namizədi Cümşüd Nuriyevin (“Kənd təsərrüfatında dövlət tənzimlənməsinin metod və formaları”) və bir sıra başqa müəlliflərin məqalələri də oxucuların marağına səbəb olacaqdır.