DMİTRİ ROQOZİN: AZƏRBAYCAN PREZİDENTİ MƏNİM ÜÇÜN ƏFSANƏVİ ŞƏXSİYYƏTDİR
Rusiya Dövlət dumasının Beynəlxalq məsələlər komitəsinin sədri, bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Dmitri Roqozin fevralın 18-də Azərbaycan Prezidenti Heydər Əliyev ilə görüşdən sonra jurnalistlərə qısa müsahibə vermişdir. O demişdir: Əvvəla, demək istəyirəm ki, əgər siz Heydər Əliyeviç Əliyev kimi rəhbərə öyrəşmisinizsə, mənim üçün o, əfsanəvi şəxsiyyətdir. Necə deyərlər, şəxsiyyətin nəhəngliyi kənardan daha yaxşı görünür. Odur ki, onunla görüşmək fürsətini çox yüksək qiymətləndirirəm.
Mən Heydər Əliyeviç Əliyevin şəxsində zəmanənin nəbzini tutmuş bir insanı gördüm. O, elə mövzulara toxundu ki, mən onların müzakirəsini həqiqətən zəruri sayırdım. Bizim görüş zamanı razılığa gəldiyimiz məsələ təkcə çox ağır problem olan Qarabağ probleminin həlli yollarının, - bunsuz Azərbaycanda uzun müddət sabitlik olmayacaq, elə Ermənistanda da heç bir sabitlik olmayacaq, çünki vəziyyət tamamilə qeyri-normaldır, - axtarılmasını fəallaşdırmaqla bağlı deyildi. Rusiya, özünü möhkəmlədərsə, bu məsələləri qərəzsiz və ədalətlə həll edən bir dövlət kimi öz rolunu oynamalı və fəal hərəkət etməlidir. Düşünürəm ki, bizim bununla bağlı bəzi fikirlərimiz var.
İkinci məqam Azərbaycan rəhbərliyi və parlamenti ilə Avropa strukturlarında əməkdaşlıqla bağlı məsələlərin razılaşdırılmasıdır. Azərbaycan Avropa Şurasına daxil olmuşdur. Bu, nüfuz xətrinə, etimad xətrinə deyil, Azərbaycanın, Rusiyanın və digər keçmiş sovet dövlətlərinin təcrübəsinin, xüsusilə, üzləşdiyimiz mürəkkəb problemlərin həlli sahəsində təcrübəsinin Avropa ölkələri tərəfindən nəzərə alınmasına nail olmaq üçün edilmişdir. Onların belə problemləri olmamışdır və mən bu cür problemlərlə üzləşmələrini də arzulamıram. Digər tərəfdən, biz səyləri birləşdirməliyik ki, hazırda Avropa qitəsində yaranan yeni reallıqlar, - “böyük siyasi Avropa”nın yaradılması, Avropa Birliyinin genişlənməsi - ümumi iqtisadi maraqlarmıza zərbə vurmasın. Çünki belə planlar Brüsseldə özünü göstərdi. Avropa parlamentinin Azərbaycan, Moldova, Ukrayna, Rusiya ilə bağlı ayrı-seçkilik xarakterli qanunlar qəbul etməməsi üçün biz vəziyyətin inkişafını əvvəlcədən dəqiq anlayaraq, onun nəyə gətirib çıxaracağını başa düşərək eyni mövqedən çıxış etməliyik.
Zənnimcə, Azərbaycan Prezidenti ilə söhbətimiz çox konstruktiv və çox uğurlu oldu. Azərbaycan rəhbərliyi mənim səylərimi dəstəklədi.