DNESTRYANININ QEYRİ-QANUNİ HAKİMİYYƏT ORQANLARININ QANUNSUZ HƏRƏKƏTLƏRİ
Rəsmi Kişinyov məlum münaqişəni nizama salmaq üçün lap bu yaxınlarda vasitəçilərin - Rusiya, Ukrayna və ATƏT-in nümayəndələrinin iştirakı ilə qondarma “Dnestryanı Respublika”nın liderləri ilə danışıqlar aparmışdır. Özü də Tiraspolun nümayəndələri problemi həll etməyə hazır olduqlarını bildirmişdilər. Lakin onların bəyanatları, həmişəki kimi, yenə də bəyanat olaraq qaldı. Üstəlik, bu qeyri-qanuni separatçı rejim Moldova rəhbərliyinin bəzi üzvlərini arzuolunmaz şəxs elan etdilər.
Bu ölkənin Xarici İşlər Nazirliyinin fikrincə, Moldovanın tərkib hissəsi olan Dnestryanı bölgə beynəlxalq hüququn subyekti olmadığından Tiraspolun həmin qərarını şərh etməyə ehtiyac yoxdur.
Moldovanın reinteqrasiya (vahid hüquqi və iqtisadi məkanın bərpası) naziri Vasili Şova isə Tiraspol rəhbərliyinin hərəkətlərini Dnestryanı problemin nizama salınması prosesini pozmaq məqsədi ilə gərginliyin süni surətdə artırılması kimi qiymətləndirir.
Ötən həftənin sonunda isə Tiraspolun qeyri-qanuni hökuməti Dnestryanıda hərbi vəziyyət tətbiq olunduğunu elan etmişdir. Həmin qərara görə, Tiraspol güc idarələrini hərbi hazırlıq vəziyyətinə gətirir, muxtariyyətin hərbi vəziyyətə keçməsi planını müəyyənləşdirir, habelə buradakı siyasi partiyaların sayını azaltmaq üçün xüsusi tədbirlər nəzərdə tutur, onların fəaliyyətinə nəzarəti sərtləşdirir.
Moldova Respublikasının prezidenti V.Voronin bütün bu hazırlığı danışıqlar prosesini pozmağa, qarşıdurma yaratmağa yönəldilmiş genişmiqyaslı və açıq-aşkar cəhd kimi qiymətləndirmişdir.
Heç kimə sirr deyildir ki, Dağlıq Qarabağ, Abxaziya və digər separatçı qurumlar kimi, Dnestryanı da artıq çoxdandır silahların, narkotik vasitələrin yayıldığı, beynəlxalq terrorçuların hazırlıq mərkəzlərinin fəaliyyət göstərdiyi və bu məqsədlə hər il yarım milyard dollar çirkli pulun “təmizə çıxarıldığı” bölgəyə çevrilmişdir.
Belə “müstəqillik” bu qondarma kriminal qurumların cinayətkar rejimlərinə çox sərfəlidir və Dnestryanı bölgənin qeyri-qanuni hakimiyyət orqanlarının hərəkətləri bunu bir daha nümayiş etdirir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moldova