İQTİSADİYYAT
Donald Tramp neftin qiymətindən narazıdır
![Donald Tramp neftin qiymətindən narazıdır](/files/2018/2/1200x630/15289014574920318290_1200x630.jpg)
Bakı, 13 iyun, Nihad Budaqov, AZƏRTAC
Neftin qiyməti çox yüksəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində yazıb.
“Neftin qiyməti çox yüksəkdir. OPEC yenə öz işini görür. Yaxşı deyil!”, - deyə D.Tramp bildirib.
Qeyd edək ki, hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 75,81 dollara, “Light”ın bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 66 dollara alıcı axtarır.
Neft bazarında bütün diqqət iyunun 22-23-də Vyanada keçiriləcək OPEC Nazirlər Şurasının 174-cü iclası, eləcə də OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) IX iclasına yönəlib. Həmin iclaslarda Azərbaycanın da təmsil olunması nəzərdə tutulur.
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.