DÜNYA
Donald Trampın kompaniyası Vaşinqtondakı otelin icarə hüququnu 375 milyon dollara satır
Bakı, 15 noyabr, AZƏRTAC
ABŞ-ın sabiq prezidenti Donald Trampın kompaniyası “Trump Organization” Vaşinqtonun mərkəzində yerləşən “Trump International Hotel” mehmanxanasının icarə hüququnu 375 milyon dollara satır.
AZƏRTAC “The Wall Street Journal” qəzetinə istinadla xəbər verir ki, otelin icarə hüququnu satın alan CGI “Merchant Group” investisiya kompaniyası Ağ evin sabiq rəhbərinin adını fasaddan silmək niyyətindədir. Kompaniya mehmanxananın idarə olunması və brendi ilə bağlı “Hilton” otellər şəbəkəsi ilə razılığa gəlib.
Ağ Evin yaxınlığında yerləşən və 120 il bundan əvvəl tikilərək o zamanlar poçt şöbəsi kimi fəaliyyət göstərən otel binası hazırda hökumətin mülkiyyətində olsa da, 100 ilə qədər müddətdə icarəyə verilə bilər. “Trump Organization” tərəfindən otelin yeni sahibinə təhvil veriləcək icarə hüquqları barədə müqavilənin gələn ilin birinci rübündə bağlanacağı gözlənilir. Donald Trampın prezidentliyi dövründə otel respublikaçıların məşhur toplanış yeri olub.
Hazırda ABŞ Konqresinin Nümayəndələr Palatasının nəzarət komitəsi otelin maliyyə göstəricilərini yoxlayır. Qanunvericilərin fikrincə, otel son bir neçə ildə zərərlə işləsə də, Donald Trampın verdiyi məlumatda onun gəlir əldə etdiyi qeyd olunur.