Doqquz ayda Mərkəzi Bankda 75 valyuta hərracı keçirilib
Bakı, 10 noyabr, AZƏRTAC
Bu ilin doqquz ayında Mərkəzi Bankda 75 valyuta hərracı keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Pul siyasəti icmalı”nda deyilir.
Yanvar ayında valyuta bazarında tələb artsa da, fevral ayından başlayaraq tələbin azalması və sabitləşməsi müşahidə olunub. Dövr ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib. 9 ayda manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1,7 manat təşkil edib.
Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1,6993, orta satış məzənnəsi isə 1,7024 manat təşkil edib. Dövr ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişib. Belə ki, manatın məzənnəsi avroya, türk lirəsinə, İsveçrə frankına, funt-sterlinqə və yapon yeninə qarşı bahalaşıb, rus rubluna, Ukrayna qrivnasına və gürcü larisinə qarşı ucuzlaşıb. İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Ümumilikdə, dövr ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 2,1 faiz, real effektiv məzənnəsi isə 2,9 faiz bahalaşıb. Dayanıqlı məzənnə inflyasiya idxalını yumşaldıb.
Qeyd edək ki, 2014-cü ilin sonu ilə müqayisədə REM 28,9 faiz ucuzlaşıb ki, bu da qeyri-neft-qaz sektorunun uzunmüddətli rəqabət qabiliyyətinə müsbət təsir göstərən amillərdəndir.