DÖRD GÜNDƏN SONRA 65 ƏLİL KRIMA MÜALİCƏYƏ GEDƏCƏKDİR
İyulun 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müalicəsi respublika daxilində mümkün olmayan bir qrup əlilin Ukraynanın Krım vilayətinin Saki şəhərinə göndərilməsinə həsr olunmuş tədbir keçirilmişdir. Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev tədbirdə çıxış edərək iyulun 20-də təyyarə ilə müalicəyə yola düşəcək 65 nəfərdən 24-nün Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş, qalanlarının isə bu və ya digər səbəbdən şikəst şəxslər olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Qeyd etdi ki, Saki şəhərində fəaliyyət göstərən sanatoriyada müalicə kursunun müddəti 35 gündür və əlillərin orada dincəlmək və sağlamlıqlarını bərpa etmək üçün lazım olan vəsaiti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ödəyir. Əlillərə göstərilən qayğıdan danışan nazir ölkəmizin iqtisadi qüdrəti yüksəldikcə dövlət tərəfindən əlillərin problemlərinin həllinə ayrılan vəsaitin hər il artdığını, nazirliyin bu qəbildən olan vətəndaşlarımızla bağlı bütün tədbirlərin həyata keçirilməsinə lazımi şərait yaradıldığını xüsusi qeyd etdi. Prezident Heydər Əliyevin əlillərə göstərdiyi qayğıdan danışan Əli Nağıyev bu məsələnin dövlətimizin başçısının diqqət mərkəzində olduğunu, əlillərlə bağlı Azərbaycan hökumətinin fəaliyyəti ilə daim maraqlandığını diqqətə çatdırdı. Tədbirdə çıxış edən əlillər və onların valideynləri yaradılan şəraitə görə dövlətimizin başçısı Heydər Əliyevə dərin minnətdarlıqlarını çatdırmış, bundan sonra da onlara qayğı gostəriləcəyinə ümidvar olduqlarını bildirmişlər. Sonda Azərbaycan Prezidenti Heydər Əliyevə müalicəyə gedən əlillərin müraciəti oxundu. Müraciətdə deyilir: Möhtərəm cənab Prezident! Azadlıq mübarizəsi yolunda böyük qurbanlar vermiş və acı məhrumiyyətlərlə üzləşmiş, nəhəng imperiyanın çöküntüləri altında öz varlığını qorumağa məhkum olmuş xalqımız Zati-alinizin müdrik, uzaqgörən siyasəti ilə öz milli istiqlalını gerçəkləşdirə bildi. Siz öz çiyinlərinizə böyük tarixi məsuliyyət götürərək, Azərbaycanın xoşbəxt gələcəyi uğrunda fəaliyyətə başladınız. Çağdaş dövlətçilik tariximizə şərəfli bir dövr kimi yazılan bu illərdə Sizin cahanşümul siyasətiniz sayəsində ölkəmiz dünyada müasir, bəşəri, demokratik dəyərlərə sadiq bir dövlət olaraq tanınmışdır. Ümummilli liderimiz kimi qəlblərə hakim kəsilən Heydər Əliyev zəkasının qüdrətinə güvənərək, zamanın sınağından üzüağ çıxmaq, qısa müddətdə dövlətimizin yüksək inkişafa nail olduğunun şahidinə çevrilmək bizim hamımızı sevindirir. Sözsüz ki, ölkədaxili problemlərin həlli, iqtisadiyyatın inkişafı, bütün sahələrdə aparılan əsaslı islahatlar vətəndaşlarımızın, aztəminatlı insanların, xüsusilə əlillərin rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi üçün böyük imkanlar yaradır. Respublikamızda əhalinin maddi rifah halının daim yüksəldilməsi, onun sosial problemlərinin həlli istiqamətində qəbul etdiyiniz ardıcıl qərarlar xalqımızda gələcəyə inamı və nikbinlik hisslərini gündən-günə möhkəmləndirir, dəyərli, mənəvi keyfiyyətlərlə zəngin şəxsiyyətinizə olan məhəbbəti və ehtiramı qat-qat artırır. Bu gün ölkəmizdə aparılan quruculuq işləri sosial sahədə də öz bəhrələrini verməkdədir. Bu mənada fiziki sağlamlığını itirmiş insanlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi sosial layihələrin nəticəsi olaraq, son illərdə çoxmərtəbəli və fərdi yaşayış evlərinin tikilib istifadəyə verilməsi, protezləşmə işinin dünya standartlarına uyğun həyata keçirilməsi, əlillərin minik avtomobilləri, tibbi və digər reabilitasiya vasitələri ilə təmin edilməsi, istər respublikada, istərsə də ölkəmizdən kənarda müalicələrinin təşkil edilməsi bu qayğının aydın təzahürüdür. Dəhşətli müharibənin ağrı-acılarını yaşamış, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edərək sağlamlığını itirmiş və digər səbəblərdən əlil arabasında hərəkət etməyə məhkum olmuş əlillər Sizin bu qayğınızı layiqincə qiymətləndirir, eyni zamanda gələcək qalibiyyətləriniz üçün bizə ruh verir. Sağlamlığımızın bərpa edilməsi həyatımızda son dərəcə önəmli bir haldır. Hər il olduğu kimi, bu il də Ukraynanın Krım vilayətinin Saki şəhərində onurğa beyini zədələnmiş əlillərin reabilitasiyası üzrə ixtisaslaşmış N.Burdenko adına sanatoriyada müalicəmizin təşkil olunması Sizin bizə olan diqqət və qayğınızın nəticəsidir. Zati-aliləri! Əmin ola bilərsiniz ki, bundan sonra da dövlətçiliyimizin qorunması üçün Sizin çağırışınıza səs verəcək, müstəqilliyimizin möhkəmləndirilməsi kimi şərəfli işinizdə Sizə dəstək verəcək, ölkəmizin daha böyük zəfərlərə qovuşmasında iştirakçı olacağıq. Hələ uzun illər Sizi dövlətimizin başında görmək arzumuzu bildirir, eyni zamanda Sizin kimi görkəmli dövlət adamı ilə bir zəmanədə yaşamaqdan qürur və məmnunluq hissi keçiririk. Zati-alinizə dərin hörmət və ehtiramla, 2003-cü il iyulun 20-də Saki şəhərindəki N.Burdenko adına sanatoriyada müalicəyə yola düşəcək əlillər adından: Zaur Abbasov Aysel Cəfərli Hüseyn Həsənov Allahverdi Hümmətov Samirə İsmayılova Aynur Cəfərova Fərid Məmmədov və başqaları. Cəmi 65 imza.