Dövlət Agentliyinin sədri “HAVELSAN" şirkətinin baş direktoru ilə görüşüb
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “HAVELSAN” şirkətinin baş direktoru Mehmet Akif Nacarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in yaradılması məqsədi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bildirilib ki, bu günədək 47 milyondan çox vətəndaş müraciəti qeydə alınıb.
Həmçinin qonaqlara Dövlət Agentliyi tərəfindən elektron hökumət və sosial innovasiyalar sahəsində görülmüş işlər barədə qısa təqdimat edilib. “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.
Bununla yanaşı, qonaqlarla mümkün əməkdaşlıq istiqamətləri və gələcəkdə birgə layihələrin hazırlanması üzrə fikir mübadiləsi aparılıb.
Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.