Dövlət Film Fondunda növbəti tədbir - Üzeyir Hacıbəyli və Azərbaycan kinosu
Bakı, 18 sentyabr, AZƏRTAC
Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 18-də Azərbaycan Dövlət Film Fondunda “Üzeyir Hacıbəyli və Azərbaycan kinosu” mövzusunda retrospektiv nümayiş tədbirləri və fotosərginin açılışı olub.
Bu barədə AZƏRTAC-a Fonddan məlumat verilib.
Bildirilib ki, tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, bəstəkarın yubileyi ilə əlaqədar ölkəmizdə keçirilən tədbirlərin əhəmiyyətindən danışdı.
Tarix elmləri doktoru, professor, kulturoloq Fuad Məmmədov, Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy öz çıxışlarında Üzeyir Hacıbəyli yaradıcılığını müxtəlif aspektlərdən təhlil etdilər.
Tədbirin sonunda 1945-ci ildə Bakı kinostudiyasında rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko tərəfindən ekranlaşdırılmış “Arşın mal alan” filmi tamaşaçılara təqdim olundu.