Dövlət Gömrük Komitəsinin sədri Sabirabad şəhərində vətəndaşları qəbul edib
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər. Martın 30-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Sabirabad şəhərində vətəndaşları qəbul edib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Gömrük Komitəsinin sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qəbulda bölgədə yerləşən - Şirvan şəhərinin, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.