DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA İNFORMASİYA TEXNOLOGİYASI MƏRKƏZİ AÇILMIŞDIR
Akademiyanın rektoru, professor Seyfəddin Qəndilov mərasimi açaraq demişdir ki, son illər ərzində informasiya və kommunikasiya texnologiyaları ilə bağlı görülmüş bir çox işlər nəticəsində ölkəmiz bu sahədə də regionda lider dövlətə çevrilmişdir. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqəti həmin uğurların qazanılmasında həlledici rol oynamışdır. Dövlətimizin başçısı bu yaxınlarda Bakıda keçirilmiş 12-ci Beynəlxalq BakuTel sərgisinin açılışında informasiya kommunikasiya texnologiyalarını (İKT) Azərbaycan iqtisadiyyatında neft sektorundan sonra ikinci prioritet istiqamət elan etmişdir. Biliyə və yüksək texnologiyalara əsaslanan yeni iqtisadiyyatı formalaşdırmaq üçün ölkəmizdə İKT-nin inkişafı və hərtərəfli tətbiqi sahəsində bir çox tədbirlər həyata keçirilməkdədir. Hazırda elektron hökumətdən tutmuş, iqtisadiyyatın bütün sahələrini əhatə edən “Elektron Azərbaycan” dövlət proqramı həyata keçirilir. Dövlət İdarəçilik Akademiyasındakı bu mərkəzdə yeni fəaliyyətə başlayan “Dövlət idarəçiliyində informasiya texnologiyaları” kafedrası da bu proqrama öz töhfəsini verməyə çalışacaqdır. Kafedranın müəllimləri gələcək dövlət məmurlarına informasiya texnologiyalarını öyrətməklə yanaşı, özləri də bu proqramın həyata keçirilməsində fəal iştirak edirlər. Müasir tələblərə cavab verən yeni kompyuter mərkəzinin açılması da Azərbaycan Prezidentinin siyasətinin reallaşmasına Akademiyanın tələbələri və müdavimlərinin böyük hədiyyəsidir.
Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları Mərkəzlə tanış oldular.
Kompyuter mərkəzində iki kompyuter sinfi, salon, iş otaqları müasir texnologiyalarla təmin edilmiş, lokal şəbəkə yaradılaraq internetə qoşulmuşdur. Bütün bunlar mərkəzdə beynəlxalq səviyyədə elektron-konfransların keçirilməsi üçün də şərait yaradır.
Sonra yeni açılmış mərkəzin kompyuter salonunda Microsoft Windows Vista əməliyyat sisteminin və 2007 Microsoft Office paketinin Azərbaycan dilində terminoloji lüğətinin (sözlüyünün) ictimai müzakirəsi mərhələsinə dair yekun “dəyirmi masa” keçirilmişdir.
“Dəyirmi masa”nın iclasını Prezidentin İcra Aparatının İnformasiya Resursları və Texnologiyaları şöbəsinin müdiri, lokallaşdırma layihəsinin hazırkı mərhələsinin moderatoru Elmir Vəlizadə açmışdır. O, İKT sahəsinin bütün işçi və mütəxəssislərini 6 dekabr peşə bayramı münasibətilə təbrik etmiş, Prezidentin sərəncamı ilə bu bayramın təsis edilməsinin sahənin inkişafına dövlət qayğısının təzahürü olduğunu bildirmişdir.
İndiyədək görülən işlərin həcmini qiymətləndirən moderator işçi qrupuna daxil olan söz və ifadələrin sayı barədə məlumat vermişdir. O, Azərbaycanda informasiya texnologiyalarının inkişaf prosesinə, o cümlədən “Microsoft” korporasiyasına məxsus məhsulların lokallaşdırılmasına bu və ya digər şəkildə cəlb edilmiş müxtəlif dövlət strukturları və ictimai qurumlarla işçi qrupun sıx əməkdaşlıq etdiyini bildirmişdir.
E.Vəlizadə demişdir ki, Microsoft Windows Vista əməliyyat sisteminin və 2007 Microsoft Office paketinin terminlərinin tərcüməsinin ən optimal variantlarının müəyyənləşdirilməsində Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin və Azərbaycan Dövlət Neft Akademiyasının müəllim-tələbə heyəti arasında aparılan sorğunun nəticələri də əhəmiyyətli rol oynamışdır. İctimai müzakirələrin fəal iştirakçılarından biri də AZƏRTAC olmuşdur.
Moderator sözlüyün bəzi mübahisəli terminləri ilə bağlı işçi qrupun təklif etdiyi son variantları da iştirakçıların diqqətinə çatdırmışdır.
“Dəyirmi masa” iştirakçıları görülən işlərin həcmi və keyfiyyəti ilə bağlı fikirlərini, işçi qrupun fəaliyyətinin bəzi aspektlərinə dair təklif və iradlarını bildirmiş, həmkarlarının müzakirəsinə bir sıra maraqlı təkliflər çıxarmışlar.
Tədbirdə çıxış edən “Microsoft Azərbaycan” şirkətinin Korporativ sifarişçilərlə iş üzrə direktoru Teymur Axundov Microsoft Windows Vista əməliyyat sisteminin və 2007 Microsoft Office paketinin lokallaşdırılması layihəsinə göstərdikləri marağa görə “dəyirmi masa” iştirakçılarına, dövlət strukturlarının, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələrinə, habelə informasiya texnologiyalarının sıravi istifadəçilərinə təşəkkür etmişdir. O, birgə səylərin yekun məhsulun – Microsoft Windows Vista əməliyyat sisteminin və 2007 Microsoft Office paketinin Azərbaycan dilində sözlüyünün keyfiyyətinə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu söyləmişdir.
Microsoft Windows Vista əməliyyat sisteminin və 2007 Microsoft Office paketinin Azərbaycan dilinə tərcüməsinin təşəbbüskarı və sponsoru “Microsoft” korporasiyasıdır. Lokallaşdırma işləri “Microsoft Azərbaycan” şirkəti ilə onun Azərbaycandakı rəsmi tərəfdaşı olan “Sinam Ltd.” şirkəti arasında bağlanmış müqavilə çərçivəsində həyata keçirilir.
Microsoft Windows Vista əməliyyat sisteminin və 2007 Microsoft Office paketinin hər bir anlayışı üzrə Azərbaycan dilində müvafiq yekun ekvivalenti moderator tərəfindən seçilərək, xüsusi saytda təsdiqləndikdən sonra bu anlayışlar lokallaşdırılmış (tərcümə edilmiş) hesab olunacaqdır. Bütün anlayışlar üzrə yekun tərcümə variantları təsdiq edildikdən sonra sözlüyün lokallaşdırılması işləri bitəcəkdir. Microsoft korporasiyasının ən yeni məhsullarının bütün interfeysinin tərcüməsi və xüsusi Language İnterface Pack (LİP) paketinin yaradılması üçün Microsoft Windows Vista əməliyyat sisteminin və 2007 Microsoft Office paketinin hazır terminoloji lüğəti “Microsoft Azərbaycan” tərəfindən “Sinam ltd.” şirkətinə veriləcəkdir. Gələcəkdə LİP paketinin kompyuterlərə yüklənməsi istifadəçilərə Microsoft Windows Vista əməliyyat sisteminin və 2007 Microsoft Office paketinin Azərbaycan dilindəki tam versiyaları ilə işləmək imkanı verəcəkdir.