Dövlət İdarəçilik Akademiyasında şəhidlərin xatirəsi anılıb
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Anım Gününə həsr olunan tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a DİA-dan məlumat verilib.
Əvvəlcə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən DİA-nın rektoru akademik Urxan Ələkbərov Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis olunan Anım Gününün əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, xalqımız və dövlətimiz Vətən müharibəsi qəhrəmanlarımızın adlarını uca tutur, şəhidlərimizin xatirəsinə ehtiramla yanaşır.
Akademik U.Ələkbərov diqqətə çatdırıb ki, bu Qələbə xalqımızın tarixinə və yaddaşına əbədi həkk olunub: “Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar qəlbimizdə və tariximizdə əbədi yaşayacaq”.
Tədbirdə DİA-nın Qarabağ İrsinin Araşdırılması Mərkəzinin rəhbəri, Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru Elçin Əhmədov, Tarix kafedrasının professoru Həvva Məmmədova və başqaları çıxış edərək 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, şəhid olan qəhrəmanlarımızın adlarının uca tutulmasından söz açıblar, onların xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını vurğulayıblar.