Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 1-ci nömrəsini nəşr edəcək
Bakı, 1 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 1-ci nömrəsini nəşr edəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc olunur.
Jurnalda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin “Ön söz”ü yer alıb. Bildirilib ki, bu ildən tarix fənni üzrə imtahan proqramına “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)” mövzusu daxil edilib.
Diqqətə çatdırılıb ki, Dövlət İmtahan Mərkəzi bundan sonra da qəbul kampaniyasında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə bağlı tövsiyələrini nəzərə alacaq. DİM-in kollektivi qəbul kampaniyasının bütün mərhələlərində imtahana hazırlıqla bağlı lazımi dəstəyi göstərəcək. Buna misal olaraq deyə bilərik ki, Təhsil Nazirliyi ilə razılaşdırılaraq buraxılış və qəbul imtahanları fənlərinin proqramları yenidən nəzərdən keçirilib və yüngülləşdirilib. Mərkəz tərəfindən rəsmi materialların, test toplularının, elmi-metodiki vəsaitlərin nəşri, “Vizuallaşdırılmış dərs” sosial layihəsinin həyata keçirilməsi, müxtəlif internet xidmətlərinin göstərilməsi imtahanların məzmunu, texnologiyası və təşkili haqqında məlumatlı olmağa xidmət etmək məqsədi daşıyır.
“Abituriyent” jurnalının bu nömrəsində təqdim olunan materiallar imtahanlara səmərəli hazırlaşmağa kömək edəcək. Həmin materiallarla işləməyə vərdiş etmək lazımdır. Bu, asan olmasa da, işləmək vərdişlərinə yiyələnmək üçün vacibdir. Abituriyentlərə sözügedən jurnalda, DİM-in rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) dərc olunan materiallarla tanış olmaq tövsiyə edilir. DİM-in kollektivi abituriyentləri maraqlandıran bütün suallara cavab verməyə və təqdim olunan istənilən materialı şərh etməyə hazırdır.
“Ön söz”ün geniş mətni DİM-in saytında yerləşdirilib.