CƏMİYYƏT
Dövlət komitəsinin sədri vətəndaşların müraciətlərini dinləyib
Bakı, 9 yanvar, AZƏRTAC
Yanvarın 9-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların müraciətlərini dinləyib.
Qurumdan AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Prezident İlham Əliyevin apardığı siyasi xəttin ölkəmizin hərtərəfli və davamlı inkişafını, bütün sosial layihələrin ardıcıl icrasını təmin etdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, dövlətimizin başçısı İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi üçün zəruri tədbirlər görülür. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.
Vətəndaşların müraciətləri əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.
Komitə sədri ilə görüşdə əksəriyyəti məcburi köçkün olan vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.