DÖVLƏT NEFT FONDU BİRİNCİ RÜBDƏ GƏLİR VƏ XƏRCLƏRİ BARƏDƏ HESABATI AÇIQLAMIŞDIR
Ötən üç ayda Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 209,9 milyon manat, o cümlədən mənfəət neftinin satışından 207,3 milyon manat, neftin Bakı-Supsa ixrac boru kəməri vasitəsilə Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsi üçün tranzit haqqından 2,6 milyon manat gəlir əldə edilmişdir. İlin ilk rübündə Neft Fondunun vəsaitlərinin idarə olunmasından 11,5 milyon manat gəlir əldə edilmişdir.
Hesabat dövründə Neft Fondunun 2006-cı il büdcəsinin icrası çərçivəsində 21,2 milyon manat qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə, 21,7 milyon manat Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə yönəldilmiş, 125,0 milyon manat isə dövlət büdcəsinə transfer edilmişdir. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədi ilə müvafiq olaraq 0,1 milyon manat və 0,5 milyon manat vəsait ödənilmişdir. 2006-cı ilin birinci rübündə Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 0,2 milyon manat olmuşdur.
Ötən dövrdə Neft Fondunun büdcədənkənar xərcləri və ödənişləri, o cümlədən Fondun valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı xərcləri 3,0 milyon manat təşkil etmişdir.
2006-cı il mart ayının 31-nə Fondun aktivləri 1330,2 milyon manata (təqribən 1464 milyon ABŞ dolları) bərabər olmuşdur.