Dövlət proqramlarının icrası Quba rayonunun davamlı inkişafına təkan verib
Quba, 6 fevral, Elxan Yusifli, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası Quba rayonunun davamlı inkişafına təkan verib. Ötən il rayonda 4964 yeni iş yeri açılıb ki, onun da 3735-i daimidir. Rayonda sahibkarlığın inkişafı sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda qarşıya qoyulan vəzifələrlə əlaqədar Qubada təşkil olunan ümumrayon müşavirəsində bildirilib.
Yığıncaqda çıxış edənlər Prezident İlham Əliyevin konfransdakı çıxışında dövlət orqanlarının qarşısında vacib vəzifələr qoymasından, bütün dövlət qurumlarına öz fəaliyyətlərini şəffaf və günün tələblərinə uyğun qurmağı tapşırmasından və sahibkarlara dəyərli tövsiyələr verməsindən razılıqla bəhs ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə sistemli, ardıcıl islahatlar aparılır. Bu islahatlar ölkəmizin gələcək dinamik və davamlı inkişafına, əhalinin güzəranının, rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Rayon toplantısında çıxış edənlər müxtəlif sahələr üzrə əldə olunmuş uğurlardan, qarşıya qoyulan vəzifələrdən danışıblar.
Məruzələrdə bildirilib ki, son iki ildə rayonun 19 yaşayış məntəqəsinə təbii qaz verilib, bununla da qazlaşdırmanın səviyyəsi 75,3 faizə çatdırılıb. 110 kilovatlıq Quba yarımstansiyasının istifadəyə verilməsi isə rayonun fasiləsiz və dayanıqlı enerji ilə təmin olunmasına imkan yaradıb.
2019-cu ildə rayonun avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilib. Hazırda tikintisi aparılan Quba-Qonaqkənd və Susay-Xınalıq avtomobil yolları istifadəyə verildikdən sonra rayonun yaşayış məntəqələrinin 75,2 faizi yeni yollarla əhatə olunacaq.