“Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda onlayn təlim
Bakı, 2 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət qulluğu məsələləri şöbəsinin böyük məsləhətçisi Elnur Abbasov tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda onlayn təlim təşkil olunub. Təlimdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin əməkdaşları iştirak ediblər.
DİM-dən AZƏRTAC-a bildirilib ki, təlimdə iştirakçılara müsahibə üçün xarakterik olan xüsusiyyətlər, müsahibənin məqsədi, ona hazırlıq, namizədin biliyinin qiymətləndirilməsi üzrə tələb olunan bacarıqlar, müsahibənin strukturu, keçirilmə qaydaları, namizədin qiymətləndirilmə meyarları haqqında ətraflı məlumat verilib. Habelə təlimdə müsahibə komissiyasının reqlamenti, o cümlədən komissiyanın tərkibinin formalaşdırılması, müsahibənin təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələbləri, namizədin vakant vəzifəyə uyğunluğunu qiymətləndirmək üçün vəzifənin tələbləri ilə əlaqədar və müsahibə proqramına uyğun suallar verilməsinə və bu zaman müəyyən edilmiş vaxt bölgüsünə əməl edilməsinə diqqət yetirilməsi barədə məlumat verilib.
Bununla yanaşı, təlimdə dövlət qulluğu vəzifələri üzrə təlimatların və müsahibə proqramlarının qanunvericiliyin tələblərinə uyğun hazırlanması, dövlət orqanlarında vakant vəzifələrin elana çıxarılması qaydası, müsahibədə uğur qazanmış namizədlərin vəzifəyə təyinat prosesi barədə təqdimat olunub. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.