Dövlət sərhədini pozan əcnəbi vətəndaş saxlanılıb
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirlərini uğurla davam etdirir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, mayın 30-da Xidmətin əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində bir əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Hadisə DSX-nin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Cəlilabad rayonunun Dələli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadında olan sərhədçilər tərəfindən qaraltı müşahidə olunub. Sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandasına qaldırılıb. Hadisə yerində nəzarət iz zolağında İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində bir nəfərin ayaq izləri aşkar olunub.
Dərhal həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmuş şəxs Cəlilabad rayonunun Şükürlü kəndi ərazisində saxlanılıb. Sərhəd pozucusunun Türkiyə vətəndaşı, 1979-cu il təvəllüdlü Yeniyol Vedat Fərhad oğlu olduğu müəyyənləşib.
Saxlanılmış şəxs barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.