DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN MƏLUMATI
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar bilavasitə əhalinin sosial müdafiəsinin təmin olunmasına yönəldilmişdir. Görülən məqsədyönlü işlər nəticəsində 2002-ci ilin 9 ayında əhaliyə ödənilən pensiya və müavinətlər üzrə xərclərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20 faizdən çox artmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli Fərmanına əsasən, ölkəmizin ərazi bütövlüyünün və müstəqilliyinin qorunması, Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanlara, Böyük Vətən müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulanlara, Böyük Vətən müharibəsi iştirakçılarına və həlak olmuş döyüşçülərin dul arvadlarına, şəhid ailəsi üzvlərinə, Çernobıl qəzası əlillərinə, 20 Yanvar əlillərinə, sosial pensiyaçılara və digər kateqoriyadan olan vətəndaşlara nəzərdə tutulmuş müavinətlərin ödənilməsi ilk növbədə həyata keçirilir.
2002-ci ilin 9 ayının yekununa görə, işləməyən əhalinin pensiya və müavinət xərclərinin maliyyələşdirilməsi tam başa çatdırılmışdır. Hazırda cari ilin oktyabr ayının pensiya və müavinət xərcləri maliyyələşdirilir.