RƏSMİ XRONİKA
DÖVLƏTİMİZİN BAŞÇISININ MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT İŞÇİLƏRİNİN VƏZİFƏ MAAŞLARININ ARTIRILMASI HAQQINDA SƏRƏNCAMI DƏRİN RAZILIQ HİSSİ DOĞURMUŞDUR
Azərbaycan Prezidenti Heydər Əliyevin mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri işçilərinin aylıq vəzifə maaşlarının 50 faiz artırılması haqqında Sərəncamı bu sahələrdə çalışan adamların böyük sevincinə səbəb olmuşdur. Onlar bu qayğıya cavab olaraq dövlətimizin başçısının ünvanına minnətdarlıq məktubları göndərirlər. Həmin məktublar respublikamızın bütün coğrafiyasını əhatə edir.
Naxçıvan Dövlət Filarmoniyasının, Muxtar Respublikadakı dövlət və uşaq kitabxanalarının, ədəbiyyat muzeyinin, Şahbuz uşaq musiqi məktəbinin, Azərbaycan Dövlət Pantomim Teatrının, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Komitəsinin, F.Köçərli adına dövlət uşaq kitabxanasının, Gəncə Şəhər Mədəniyyət İdarəsinin və Dövlət Dram Teatrının, Mingəçevir Şəhər Mədəniyyət İdarəsinin və Dövlət Dram Teatrının, Sumqayıt Şəhər Mədəniyyət İdarəsinin, Lənkəran rayon mədəniyyət şöbəsinin və Dövlət Dram Teatrının, Ağdaş, Ağsu, Qazax, Qəbələ, Daşkəsən, Cəbrayıl, Zəngilan, İmişli, Lerik, Qubadlı, Şəki, Ağdam, Ağstafa, Balakən, Yardımlı, Goranboy, Oğuz, Hacıqabul, Abşeron, Göyçay, Şəmkir, Füzuli, Saatlı, Salyan, Ucar, Ağcabədi, Xanlar, Tərtər, Qax rayonları, Naftalan şəhər mədəniyyət şöbələrinin, kitabxanalarının, muzeylərinin, klublarının, “Şirvanşahlar sarayı kompleksi” Dövlət tarixi memarlıq qoruq muzeyinin, Azərbaycan xalçası və xalq tətbiqi sənəti dövlət muzeyinin kollektivləri onlara göstərilən dövlət qayğısına görə Prezident Heydər Əliyevə minnətdarlıqlarını bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayırlar. Onlar bu məktublarda qarşıdan gələn prezident seçkilərində yalnız dövlətimizin başçısı Heydər Əliyevin namizədliyinə yekdilliklə səs verəcəklərini bildirirlər.