RƏSMİ XRONİKA
DÖVLƏTİMİZİN BAŞÇISININ TÜKƏNMƏZ QAYĞISI İNCƏSƏNƏT XADİMLƏRİMİZİ DAHA İLHAMLA ÇALIŞMAĞA RUHLANDIRMIŞDIR
AZƏRBAYCAN DÖVLƏT AKADEMİK OPERA VƏ BALET TEATRI VƏ AZƏRBAYCAN DÖVLƏT FİLARMONİYASI KOLLEKTİVLƏRİNİN PREZİDENT HEYDƏR ƏLİYEVƏ MÜRACİƏTİNDƏ BELƏ DEYİLİR
Hörmətli Prezident!
Respublikamızın qabaqcıl mədəniyyət ocaqları - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Azərbaycan Dövlət Filarmoniyasının çoxsaylı kollektivləri adından “Mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri işçilərinin əmək haqlarının artırılması haqqında” 5 iyun 2003-cü il tarixli Sərəncamınıza görə Sizə dərin təşəkkür və minnətdarlığımızı bildirir, bu qayğı və diqqətinizi yüksək qiymətləndiririk.
Bir neçə gündən sonra on illiyini qeyd etməyə hazırlaşdığımız əziz bayram - Milli Qurtuluş günü ərəfəsində, cənab Prezident, bu, bizə ən böyük hədiyyədir.
Bir dövlət başçısı kimi Sizin qayğı və diqqətinizi biz mədəniyyət xadimləri hər zaman hiss etməkdəyik. Opera və Balet Teatrı balet truppasının, Azərbaycan Dövlət Filarmoniyası Dövlət simfonik orkestrinin, Dövlət xor kapellasının, Dövlət rəqs ansamblının kollektivlərinin sosial vəziyyətini yaxşılaşdırmaq haqqında imzaladığınız fərman və sərəncamlar, respublikanın tanınmış incəsənət xadimləri üçün yüksək fəxri təqaüd və mükafatlar təsis etməyiniz bu qayğının ən bariz nümunəsidir. Sizin qayğınız bizi öz qüvvələrimizi səfərbər etməyə, milli mədəniyyətimizi yaşatmağa və daim inkişaf etdirməyə, yeni yaradıcılıq uğurları qazanmağa ruhlandırır.
Sizin bu qayğınıza cavab olaraq nəzərinizə çatdırmaq istəyirik ki, son dövrlərdə Opera və Balet Teatrının və Dövlət Filarmoniyasının bir çox kollektivləri, ayrı-ayrı sənətçiləri Azərbaycan mədəniyyətinin adını və şöhrətini ucaldaraq Vətənimizin hüdudlarından çox-çox uzaqlarda - bir sıra mötəbər beynəlxalq tədbirlərdə uğurla çıxış etmişlər.
Cənab Prezident!
Bir çoxumuz Rusiyada keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Moskvanın ən möhtəşəm teatr və konsert salonlarında çıxışlarımızla milli mədəniyyətimizi təmsil etdiyimiz bu günlərdə vəzifə maaşlarımızın artırılması ilə bağlı eşitdiyimiz xoş xəbər sevincimizi artırmaqla yanaşı, bizi daha böyük şövqlə çalışmağa ruhlandırdı.
Möhtərəm Prezidentimiz!
Bir daha Sizə - mədəniyyət və incəsənətimizin böyük dostuna bizə göstərdiyiniz hədsiz qayğınıza görə Opera və Balet Teatrı və Azərbaycan Dövlət Filarmoniyasının kollektivləri adından sonsuz minnətdarlığımızı bildirir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik diləyir, himayədarımızı əmin edirik ki, milli mədəniyyətimizin çiçəklənməsi naminə bundan sonra da var qüvvəmizi əsirgəmədən çalışacağıq.
Akif Məlikov - Dövlət Akademik Opera və
Balet Teatrının direktoru, Azərbaycan
Respublikasının əməkdar incəsənət xadimi;
Zeynəb Xanlarova və Fidan Qasımova- SSRİ
xalq artistləri; Rauf Abdullayev, Xuraman
Qasımova,Tamilla Şirəliyeva, Afaq Məlikova,
Qərinə Kərimova, Arif Babayev,
Canəli Əkbərov, Səkinə İsmayılova,
Təranə Muradova, Cəmilə Bayramova,
Elmira Rəhimova, Mədinə Əliyeva - Azərbaycan Respublikasının xalq artistləri;
Cavanşir Cəfərov, Yulana Əlikişzadə, Gülbacı
İmanova, Teymur Göyçayev - Azərbaycan
Respublikasının əməkdar incəsənət xadimləri