CƏMİYYƏT
DST intihar hallarının qarşısını almağa yönəlmiş fəaliyyəti gücləndirməyə çağırır
DST-nin əməkdaşı, doktor Şexar Saksena deyir: “İntiharlar yaşı 50-dən yuxarı adamlar arasında daha çox yayılsa da, gənclər arasında da bir çox ölüm hadisələrinin səbəbidir. Bu, 15-29 yaşlı gənclərin ölümünün əsas səbəbləri arasında ikinci yerdədir. Ümumiyyətlə, bütün dünyada qadınlara nisbətən kişilər daha çox intihar edirlər. Lakin DST bu məruzəni dərc etməklə vurğulamaq istəyir ki, belə faciələrin qarşısını almaq mümkündür”.
Məsələn, ekspertlər təklif edirlər ki, silahdan və həyatla vidalaşmaq üçün vasitə ola biləcək pestisidlərdən istifadə məhdudlaşdırılsın. Potensial intiharçılara psixoloji yardım göstərilməsi imkanlarını da genişləndirmək lazımdır.
Tədqiqatın müəlliflərinin fikrincə, KİV-lər intiharların işıqlandırılması məsələsinə daha məsuliyyətlə yanaşmalı və sensassiyadan, habelə intihar metodlarının ətraflı təsvirindən qaçmalıdırlar.
Onlar həmçinin, öz həyatına son qoymağa cəhd göstərmiş insanları kriminallaşdırmamağa çağırır, çünki həbs cəzası səmərəli profilaktik tədbir ola bilməz.
DST-nin məlumatına görə, yalnız 28 ölkədə intiharların qarşısının alınması üzrə milli strategiya hazırlanıb. Təşkilata üzv olan dövlətlərin bu yaxınlarda qəbul etdikləri fəaliyyət planı 2020-ci ilədək intiharların sayını 10 faiz azaltmağa kömək edəcəkdir.