DST nümayəndəsi: nəcib həkim peşəsi ən təhlükəli peşələrdən biridir
Bakı, 15 avqust, AZƏRTAC
Nəcib həkim peşəsi ən təhlükəli peşələrdən biridir. Həkim və feldşerlər, habelə səhiyyə sisteminin digər nümayəndələri tez-tez münaqişə, təbii fəlakət və epidemiya rayonlarında ön sıralarında olurlar. Onlar yaralıların və qorxulu infeksiyaya yoluxanların köməyinə birinci gəlir və çox vaxt özləri təcili yardıma ehtiyacı olan şəxslər kateqoriyasına düşürlər.
AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu fikri Cenevrədə brifinqdə Dünya Səhiyyə Təşkilatının (DST) nümayəndəsi Rudi Koniks səsləndirib.
Səhiyyə sistemi əməkdaşlarının çoxu öz həyatını riskə qoyaraq münaqişələr şəraitində işləyir. Ötən il DST dünyanın 32 ölkəsində tibb işçilərinə 372 hücum haqqında məlumat alıb. Nəticədə 603 nəfər həlak olub, 958 adam yaralanıb.
Qeyd edək ki, BMT Baş Assambleyası 2008-ci il dekabrın 11-də avqustun 19-nu Ümumdünya Humanitar Yardım Günü elan edib. DST həmin gün ərəfəsində kampaniya təşkil edib. Qurum diqqəti həkim və tibb personalının təhlükəsizlik probleminə cəlb etmək üçün sosial şəbəkələrdə #ThanksHealthHero -“Qəhrəman tibb işçilərinə təşəkkürlər” heşteqli kampaniyaya başlayıb.