DÜNYA BALETİNİN ULDUZLARI BAKI SƏHNƏSİNDƏ OYNANILACAQ “QU GÖLÜ” TAMAŞASINDA
AZƏRTAC Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətinə istinadla xəbər verir ki, mayın 24-də baletsevərlər burada klassik balet sənətinin ən dəyərli nümunələrindən biri - Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşasına baxmaq imkanı qazanacaqlar.
Uzun illərdən bəri teatrın repertuarından düşməyən bu balet, hər zaman tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır və anşlaqla keçir. Buna səbəb dahi rus bəstəkarının ölməz musiqisi, balet truppasının professional ifası, ən önəmlisi isə teatr rəhbərliyi tərəfindən tamaşada əsas rolları ifa etmək üçün vaxtaşırı dünya şöhrətli balet sənəti ulduzlarının dəvət edilməsidir.
Bu ənənəni davam etdirən teatr mayın 24-də baş tutacaq tamaşada da sənətsevərlərə maraqlı sürpriz hazırlamışdır. Onlar “Qu gölü” baletinin qəhrəmanları Odetta Oqilliya və Şahzadə Ziqfrid rollarında dünya baletinin ulduzları - Anna Doroş və Yan Voynanın ifası ilə tanış olmaq imkanı qazanacaqlar.
Anna Doroş Ukraynanın xalq artisti, Ukrayna Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Bununla yanaşı, o, Avropanın ən mötəbər opera və balet teatrlarının səhnələrində uğurla çıxış edir. Anna Doroş balet artistlərinin bir çox beynəlxalq müsabiqələrinin iştirakçısı, dörd müsabiqənin “Qran-pri” mükafatının və qızıl medalının sahibidir. O, eyni zamanda, Almaniya, Avstriya, İtaliya, Yaponiya, Fransa, və ABŞ-da keçirilən klassik balet sənəti festivallarının çoxsaylı fəxri mükafatlarına layiq görülmüşdür.
Bu, ukraynalı balet ulduzunun bakılı baletsevərlərlə ilk görüşü deyildir. O, ötən illərdə də iki dəfə şəhərimizdə qonaq olmuş, “Qu gölü” tamaşasında parlaq ifası ilə tamaşaçıları heyran etmişdir. Balet truppamızın imkanlarına artıq bələd olan və sənətçilərimizin professional səviyyələrini yüksək qiymətləndirən A.Doroş Azərbaycan balet ustaları ilə birlikdə çıxış etməyin ona böyük zövq verdiyini, teatr rəhbərliyinin diqqət və qayğısını, qonaqpərvərliyini vurğulamış və budəfəki dəvəti də böyük məmnunluqla qəbul etmişdir.
Tamaşada A.Doroşun tərəf-müqabili Şahzadə Ziqfrid rolunu isə çexiyalı balet ulduzu, Praqa Opera və Balet Teatrının solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Yan Voyna ifa edəcəkdir.
“Qu gölü” baletinin tamaşasında, həmçinin Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri - əməkdar artistlər Gülağası Mirzəyev, Rimma İsgəndərova, Kamilla Hüseynova, Yuri Lobaçov, Yelena Skomoroşenko, aparıcı solist Samir Səmədov da çıxış edəcəklər.
Tamaşanı xalq artisti, dirijor Cavanşir Cəfərov idarə edəcəkdir.