Dünya Bankı Qrupunun layihəsi ilə “Vergitutma” indikatoru üzrə yol xəritəsi təqdim edilib
Bakı, 31 oktyabr, AZƏRTAC
Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinin “Vergitutma” indikatoru üzrə yol xəritəsi təqdim olunub. İşçi qrup tərəfindən tərtib edilən yol xəritəsinin əsas hədəfi özəl sektorun genişlənməsinə və inkişafına əlverişli imkan yaradan qaydaları və təcrübələri təhlil etməklə onların təkmilləşdirilməsinə və cəlbediciliyinin artırılmasına nail olmaq, ortamüddətli dövrdə həyata keçiriləcək təşəbbüsləri ictimaiyyətin və vergiödəyicilərinin diqqətinə çatdırmaq, gələcəkdə görüləcək işlər barədə əhalini məlumatlandırmaqdır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, “Ernst&Young” şirkətinin Azərbaycan filialının (“EY Azərbaycan”) Vergi və Hüquq məsələləri üzrə tərəfdaşı Arzu Hacıyeva yol xəritəsinin başlıca məqsədi, hədəfləri, biznes mühitinin inkişafına verə biləcəyi töhfələri barədə fikirlərini bölüşüb.
Şirkət rəsmisinin sözlərinə görə, Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsi biznes mühitinin əlverişliliyinin artırılması üçün nəzərdə tutulan 10 indikator müəyyən edib ki, bunlardan biri də “Vergitutma” indikatorudur. Bu indikatorun həyata keçirilməsini təmin etmək üçün “Vergi və hesabatlılıq” işçi qrupunun iclasında yol xəritəsi təqdim edilib. Burada əsas məqsəd vergitutma sahəsinin təkmilləşdirilməsi ilə biznes mühitinin daha da yaxşılaşdırılmasıdır: “Düşünürəm ki, bu məqsədə çatmaq üçün yol xəritəsi kifayət qədər əhatəli hazırlanıb. Sənəddə vergi müddəalarının aydınlığının təmin edilməsi, vergi qaydalarının sabitliyi və qaydaların yaradılmasında şəffaflıq, vergi sahəsində elektron sistemlər, mübahisələrin həlli mexanizmləri, vergi idarəçiliyinin şəffaflığı, vergi qaydalarına əməl etmək üçün tələb olunan vaxt kimi müxtəlif məsələlər 3 alt indikator, 9 komponent və görüləcək 54 tədbirlə əhatə olunub. Beləliklə, yığcam şəkildə ifadə olunan alt indikatorlar görüləcək tədbirlərin ümumi fonunu anlamağa, digər parametrlər isə detallarla daha əhatəli şəkildə tanış olmağa imkan yaradır”.
A.Hacıyeva qeyd edib ki, oktyabr ayında yol xəritəsinin müzakirə edilməsi və fikir mübadiləsi məqsədilə şirkət tərəfindən özəl sektorun aparıcı nümayəndələrinin iştirakı ilə kifayət qədər məhsuldar keçən görüş təşkil edilib. Məqsəd bizneslər üçün vergitutma prosesindəki əməli çətinlikləri aydınlaşdırmaq, vergi qanunvericiliyində perspektiv təkmilləşdirmələri müzakirə etmək, təklifləri ümumiləşdirməklə aidiyyəti dövlət orqanlarına təqdim etmək və işçi qrupun iclaslarında müzakirəyə çıxarmaq, bizneslə dövlət orqanları arasında körpü yaratmaq və qanunvericiliyin daha da təkmilləşdirilməsinə nail olmaq idi: “EY Azərbaycan” tərəfindən 25 təklifi əhatə edən sənəd hazırlanıb. Aparılacaq müzakirələrdən sonra bu sənəd əsasında yeni tədbirlərin də əlavə edilməsi ilə yol xəritəsinin ölkədə özəl biznesin gələcək inkişafına töhfə verəcəyinə inanırıq”, - deyə şirkət təmsilçisi bildirib.