Dünya skautlarının düşərgə toplantısında Azərbaycana dair çap materialları təqdim edilib
Bakı, 11 avqust, AZƏRTAC
Yaponiyanın Yamaquçi şəhərində dünya skautlarının düşərgə toplantısı (Cambori)
keçirilib. Cambori skaut hərəkatının ən böyük beynəlxalq tədbirdir və hər dörd ildən bir təşkil edilir. Dünya düşərgə toplantısında adətən 35-40 min skaut iştirak edir.
Gənclər üçün nəzərdə tutulan qeyri-formal təhsil hadisəsi olan bu tədbir bir sıra fərqli fəaliyyətlər və qarşılıqlı əlaqələr vasitəsi ilə dünyada sülh və barışın təşviqi məsələsində böyük əhəmiyyət daşıyır.
Yaponiyanın Yamaquçi şəhərində keçirilmiş 23-cü dünya skaut toplantısında 150 ölkədən 35 min gənc iştirak edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə nazirliyin dəstəyi ilə Azərbaycan Skautlar Assosiasiyası 26 nəfərlik nümayəndə heyəti ilə ölkəmizi təmsil edilib. Azərbaycan skautları bu düşərgə toplantısında ölkəmizi daha da layiqli formada təmsil etmək üçün uzun müddət hazırlıq işləri aparıblar. Heyətə beynəlxalq və yerli tədbirlərdə təcrübə qazanmış iştirakçılar daxil edilib.
Düşərgə toplantısında iştirakçılara Azərbaycanın tarixi, mədəniyyəti, bugünki inkişafı və nailiyyətlərinə dair bir sıra kataloq, broşür və digər çap materialları paylanılıb. Eyni zamanda, ölkəmizlə bağlı video və foto şəkillər vasitəsilə təqdimatlar edilib. Bundan başqa tədbir zamanı "Azərbaycan mətbəxi" stendi quraşdırılmış və iştirakçılara milli mətbəx nümunələrimiz təqdim edilib.
Tədbir çərçivəsində keçirilmiş "Milliyyətlər günü"ndə isə Azərbaycan milli rəqsləri nümayiş olunub.
Düşərgə toplantısında Azərbaycan heyəti üçün nəzərdə tutulmuş "Heyət nişanı" isə ayrıca qeyd edilməlidir.
Nişanın təsvirində Simurq quşu, alov - Odlar Yurdu Azərbaycan, arxa fonda isə Bakının simvolu Qız qalası olub.
Qeyd edək ki, Azərbaycan skautlarının devizi "Heydər Əliyev yolu ilə daim irəli!"dir.