MƏDƏNİYYƏT
Dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 96-cı ildönümü qeyd edilmişdir
Bakı, 5 fevral (AZƏRTAC). Fevralın 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin (AMMDM) filialı olan Niyazinin mənzil-muzeyində dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq Artisti, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Niyazinin mənzil-muzeyinin foyesində AMMDM-in fonduna yeni daxil olmuş materiallardan ibarət sərgi ilə tanış olmuşlar.
Mərasimdə AMMDM-in direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova dünya şöhrətli bəstəkarın irsinin tədqiqi ilə bağlı görülən işlərdən geniş söhbət açmışdır. Bildirmişdir ki, bu yaxınlarda dahi bəstəkarın irsini Rusiya Federasiyasının Moskva şəhərindəki teatrlarda tədqiq edərkən ona aid bir sıra maraqlı materiallar əldə etmişdir.
Muzeyin direktoru Alla Bayramova Moskva şəhərindəki teatrlarda əldə etdiyi materialları, o cümlədən M.N.Yermolova adına Moskva Dram, Mossovet adına Dövlət Akademik, Y.Vaxtanqov adına Dövlət Akademik Dram, Dövlət Akademik Malı teatrlarında səhnəyə qoyulmuş tamaşalara Qara Qarayevin yazdığı musiqinin not yazılarının surətlərini, proqramlarını, həmçinin fotoşəkillərinin surətlərini təqdim etmişdir. Onun çıxışı slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbi şagirdlərinin ifasında Qara Qarayevin əsərlərindən ibarət konsert təqdim edilmişdir.