DÜNYA TAEKVONDO FEDERASİYASININ PREZİDENTİ ÇANQ VON ÇUNUN ÇIXIŞI
-Azərbaycan Respublikasının Prezidenti zati-aliləri doktor İlham Heydər oğlu Əliyev!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
İlk növbədə, mən Prezident Əliyevə Kyunq He Universitetinin siyasi elmlər üzrə fəxri doktoru adı verilməsi münasibətilə onu təbrik etmək istəyirəm. Onun qətiyyətli iqtisadi və siyasi rəhbərliyi altında Azərbaycan son illər ərzində bütün dünyada ən yüksək iqtisadi artım sürətinə nail olmuşdur. Azərbaycanın tərəqqisi naminə göstərdiyi böyük səyləri yüksək dəyərləndirilərək, Prezident Əliyev Kyunq He Universitetinin fəxri doktoru adına layiq görülmüşdür.
Mən tərəddüd etmirəm ki, gələn illər ərzində biz Prezident Əliyevin öz ölkəsinə daha böyük töhfələr verməsinin şahidi olacağıq. Mən Prezident Əliyevi və onun nailiyyətlərini qısaca təqdim etməkdən şərəf hissi duyuram.
O, 1995-ci ildən etibarən ilk dəfə Azərbaycan Respublikasının parlamentinə seçilmişdir. 2003-cü ilin oktyabr ayında isə ölkə Prezidenti vəzifəsinə seçilmişdir. Heydər Əliyevin müəyyən etdiyi strategiyanı həyata keçirərək, Azərbaycanın sürətli iqtisadi inkişafını təmin etmişdir. Prezident Əliyev siyasi və iqtisadi fəaliyyətlə yanaşı, Azərbaycan idmanının inkişafına da böyük töhfə vermişdir. O, 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir.
Mənim Prezident Əliyevlə ilk görüşüm 2004-cü ildə Olimpiya oyunları ərəfəsində olmuşdur. Onunla keçirdiyim sonrakı görüşlərdə gördüm ki, o, taekvondonun inkişafını yüksək dərəcədə dəstəkləyir. İnanıram ki, Prezident Əliyev taekvondonun Azərbaycanda və Xəzər dənizi regionunda daha da inkişaf etdirilməsini bundan sonra da dəstəkləyəcəkdir.
Bu cür möhtəşəm mərasim münasibətilə ümid edirəm ki, ölkəniz ilə Kyunq He Universiteti arasında daha sıx əlaqələr quracaq, Cənubi Koreya və Azərbaycan gələcəkdə iqtisadiyyat, idman, təhsil və mədəniyyət sahələrində əməkdaşlığı gücləndirəcəkdir.
Zati-aliləri Prezident Əliyev, bizi sevindirən mərasim münasibətilə Sizi bir daha təbrik etmək istəyirəm və Azərbaycanı daha yüksək nailiyyətlərə doğru apardığınız yolda Sizə uğurlar arzulayıram.
Sağ olun.
X X X
APARICI: Fəxri adı alan ali qonağın nailiyyətlərini yüksək qiymətləndirərək və hörmət əlaməti olaraq, Cənubi Koreyanın tanınmış solisti xanım Yan Tsun Li musiqi proqramı ilə çıxış edəcəkdir.
X X X
Mərasim konsert proqramı ilə başa çatdı.