Dünya Xəbər Agentliklərinin 6-cı Konqresi gələn il iyunun 13-14-də keçiriləcək
Bu barədə qərar Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Sankt-Peterburqda keçirilən iclasında qəbul olunub
Sankt-Peterburq, 25 may, AZƏRTAC
Mayın 24-də Sankt-Peterburqda 22-ci Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) iclası keçirilib. Konqresin hazırkı prezidenti və Şuranın daimi üzvü olan AZƏRTAC iclasın işində iştirak edib.
Xatırladaq ki, Dünya Xəbər Agentlikləri Konqresinin nizamnaməsinə görə bu təşkilata sədrlik etmiş bütün agentliklər Konqresin işçi strukturu olan NACO-nun daimi üzvləridir. İdarəedici orqan olan Şura üç ildən bir keçirilən forumlar arasındakı müddətdə fəaliyyət göstərir. Şuranın Sankt-Peterburqda keçirilən iclasının əsas mövzusu 2019-cu ilin yayında Sofiyada keçiriləcək 6-cı konqresə hazırlıq məsələləri olub.
6-cı konqresin gələn il iyunun 13-14-də keçirilməsi qərara alınıb. Konqresin plenar iclasında və “dəyirmi masa”larda müzakirə olunacaq mövzuların əhatə dairəsi müəyyənləşdirilib. Şuranın növbəti iclasları bu il noyabrın 16-da Londonda, sonra isə 2019-cu il martın 7-də Sofiyada keçiriləcək.
Konqresin gələcək prezidenti, Bolqarıstanın BTA teleqraf agentliyinin rəhbəri Maksim Minçev başçılıq etdiyi agentlik tərəfindən növbəti konqresin keçirilməsinə hazırlığın gedişi barədə məlumat verib.
AZƏRTAC-ın əməkdaşı Vüqar Seyidov müşavirə iştirakçılarına bildirib ki, bu il oktyabr ayında Azərbaycan paytaxtında növbəti Bakı Humanitar Forumunun keçirilməsi planlaşdırılır.