Dünyamızın yaşaması üçün ən yaxşı yol evdə oturmaqdan ibarətdir
Bakı, 14 aprel, AZƏRTAC
Neçə aydır ki, dünyanı dolaşan koronavirus pandemiyası çox ciddi bir narahatlıq və həyəcan yaradıb. Bu dəhşətli və gözəgörünməz ölüm kabusu demək olar ki, hamını evinə çəkilməyə məcbur edib. Bu, təkcə evə çəkilmək deyil, həm də həyat və yaşamaq uğrunda mübarizədir. Bəzən müharibədə də bu döyüş taktikasından istifadə olunur: hücuma keçmək üçün müdafiəyə çəkilməlisən.
İndi elə bil bəşəriyyət də həyatın yarıda qırılmaması üçün belə bir taktika seçib”,- deyə yazıçı Şərif Ağayar AZƏRTAC-ın müxbiri ilə telefon söhbətində bildirib.
O, karantin rejiminin tətbiq olunduğu ilk gündən bütün qaydalara dəqiqliklə əməl etdiyini və imkanı daxilində hər kəsi "evdə qal" kampaniyasına qoşulmağa çağırıb. Evdə qaldığı günlərdə məhsuldar işlədiyini söyləyən yazıçı deyib: “Yaradıcılıq mətbəxim haqqında danışmağı xoşlamıram. Təbii ki, yazı masamın arxasındayam. Hazırda bir roman üzərində işləyirəm, hekayələr kitabımı çapa hazırlamışam. Yerdə qalan vaxtımı isə bütünlüklə kitab oxumaq və filmlərə baxmaqla keçirirəm. Noah Hararinin "Homi deus" kitabını təzə bitirmişəm. Əlif Şafakın "On dəqiqə, otuz səkkiz saniyə" romanını oxuyuram. Ədəbi mühiti mütəmadi izləyir, dövrü mətbuat, ədəbiyyat saytlarını qaçırmamağa çalışıram. Yorulanda adətən virtual oyunlar oynayıram. Bu, mənim ən çox sevdiyim əyləncədir”.
Yazıçı onu da qeyd edib ki, onun "Arzulardan sonrakı şəhər" romanımın fransız dilinə tərcümə prosesi başa çatmaq üzrədir və onun yaxın vaxtlarda Fransada dərc olunması gözlənilir.
Şərif Ağayar pandemiya haqqında da fikirlərini bölüşüb: “Bəlkə də bu, idman dili ilə desək, yer sakinlərinə göstərilən sarı vərəqədir. Texnologiyaların bu qədər inkişaf etdiyi, sivilizasiyanın yüksək mərhələyə çatdığı dünyada yenə də əzən-əzilən, qaçan-qovan, təhqir edən-təhqir olunan, döyülən-söyülən, irqi ayrı-seçkilik var. Bəlkə doğrudan da dayanmaq, nəticə çıxartmaq zamanıdır? Əlbəttə, bu, adi yazıçı fikri deyil, qloballaşan dünyamızın üzləşdiyi fəlakət nəticəsində yəqin ki, dövlət başçılarını, siyasətçi və politoloqları da düşündürən bir sual olmalıdır. Hamımızın evi olan dünyanı qorumaq onun üzərində yaşayan hər kəsin qayğısı olmalıdır. Bu gün onun yaşaması üçün bizim üzərimizə düşən evdə oturmaq, təhlükəli virusun yoluxması üçün vəsilə olmamaqdırsa, bunu tələb olunan bütün qaydalara əməl edərək yerinə yetirirəm”.