İDMAN
Dünyanın üç nömrəli raketka ustası idmançıya yaraşmayan davranışına görə yarışdan kənarlaşdırılıb
Bakı, 23 fevral, AZƏRTAC
Meksikanın Akapulko şəhərində keçirilən Peşəkar Tennis Assosiasiyasının (ATP) turnirində almaniyalı Aleksandr Zverev idmançıya yaraşmayan hərəkətlərə yol verdiyinə görə yarışdan kənarlaşdırılıb.
AZƏRTAC ATP-nin saytına istinadla xəbər verir ki, cütlüklərin mübarizəsinin birinci turunda keçirilən matçda A.Zverev və braziliyalı Marselo Melonun britaniyalı Lloyd Qlasspul və Fin Harri Heliovareyə məğlub olduqları görüşün sonunda hakimə qarşı iddialar irəli sürən idmançı raketka ilə hakim qülləsinə bir neçə dəfə zərbə endirib.
ATP Almaniya təmsilçisini tennis kortunda idmançıya yaraşmayan davranışına görə Akapulkoda keçiriləcək fərdi yarışdan kənarlaşdırıb.
İyirmi dörd yaşlı A.Zverev ATP reytinqində üçüncü sırada qərarlaşıb. Onun “Böyük dəbilqə” turnirlərində ən yaxşı nailiyyəti ABŞ açıq çempionatında (2020) finala yüksəlməsidir.
Akapulkoda keçirilən turnir fevralın 26-da başa çatacaq. Yarışın ümumi mükafat fondu 1,6 milyon dollardan çoxdur.