Düşənbədə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edilib
Düşənbə, 9 may, AZƏRTAC
Azərbaycanın Tacikistandakı səfirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə mərasim keçirilib.
Tədbirdə Tacikistanın birinci prezidenti Kaxxor Maxkamov, ölkənin mədəniyyət naziri Şamsiddin Orumbekov, sabiq xarici işlər naziri Xamraxon Zarifi, parlamentin deputatları, səfirlər, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin səfirlikdəki abidəsi önünə əklil və çiçək dəstələri qoyublar.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli filmi nümayiş olunub.
Tədbirdə Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov dünya şöhrətli siyasi xadim Heydər Əliyevin mənalı həyat yolu, mübarizələrlə dolu fəaliyyəti barədə geniş məlumat verib. Bildirilib ki, xalqın tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə gələn görkəmli dövlət xadimi Heydər Əliyev ölkəni məhv olmaq təhlükəsindən xilas etdi, bununla da Vətənimizin xilaskarına çevrildi.
Çıxış edənlər ulu öndər Heydər Əliyevi dünya şöhrətli siyasi xadim, öz xalqının sadiq oğlu və əvəzsiz şəxsiyyət kimi xarakterizə ediblər.
Sonra A.Həsənov səfirlik tərəfindən keçirilən, Ulu Öndərin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Heydər Əliyev müasir Azərbaycanın memarı və yaradıcısıdır” mövzusunda müsabiqənin qaliblərini elan edib. Bildirilib ki, müsabiqəyə tacik, rus və özbək dillərində yazılan 19 məqalə təqdim olunub.
“Aziya plyus” portalının əməkdaşı Manije Kurbanova birinci yerə layiq görülüb. “Faraj” portalının müxbiri Mariyam Davlatova və “Çarxi qardun” qəzetinin əməkdaşı Xotomi Xomid ikinci, “Veçerniy Duşanbe” qəzetinin müxbiri Salimaxon Vaxobzoda, “Çavonnoni Tacikiston” qəzetinin əməkdaşı Sayfiddin Sunnati və “Aziya plyus” portalının müxbiri Zarina Maxkamova üçüncü yerlərə layiq görülüblər. Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə