“Əbədi şöhrətin işığı” mövzusunda “dəyirmi masa” keçirildi
Bakı, 14 iyul (AZƏRTAC). İyulun 14-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Yasamal Rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 45-ci illiyi ilə əlaqədar “Əbədi şöhrətin işığı” mövzusunda “dəyirmi masa” keçirildi.
İdarədən AZƏRTAC-a bildirmişlər ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzdəki büstünü ziyarət edərək əziz xatirəsini yad etdilər, burada toplanmış eksponatlarla tanış oldular.
Tədbiri giriş sözü ilə Yasamal Rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova açdı.
Azərbaycanın dahi oğlu Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi tarixi dövrdən bəhs edən sənədli film nümayiş olundu.
Tədbirdə Dövlət Statistika Komitəsinin şöbə müdiri Malik Heydərov çıxış edərək, ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olduğunu bildirdi.
Qeyd olundu ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 13 il ərzində (1969-1982) respublikamızın regionları da daxil olmaqla bütün şəhərlərində ciddi tarixi inkişaf baş vermiş, bu inkişaf ölkənin həm iqtisadi, həm də sosial-mədəni sferasını əhatə etmişdir. Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi ölkəmizin müasir dünyada xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Ulu öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir.
Tədbirin sonunda iştirakçılar Mərkəzin foyesində təşkil olunmuş kitab və foto sərgilərinə baxdılar.