Əcnəbi tələbələr Şahbuza ekskursiya ediblər
Şahbuz, 11 noyabr, AZƏRTAC
Muxtar respublikanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələri üçün Şahbuz rayonunda yerləşən turizm əhəmiyyətli məkanlara ekskursiya təşkil olunub. Ekskursiya 10-17 Noyabr - Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə bağlı təsdiq olunan tədbirlər planı çərçivəsində reallaşıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvanın turizm potensialı, xalqımızın milli adət-ənənələri və zəngin mədəniyyət irsinin tanıdılması məqsədilə təşkil edilən ekskursiyada 25 əcnəbi tələbə iştirak edib.
Əvvəlcə, Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov və Gənclər Fondunun əməkdaşı Sübhan Rəhimli tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, ilbəil davamlı olaraq təşkil olunan ekskursiyalar sayəsində istər yerli, istərsə də əcnəbi gənclər muxtar respublika ilə bağlı geniş informasiya əldə edir, yaradılan şəraitdən xəbərdar olurlar. Xüsusən də, əcnəbi tələbələrin fərqli bir mədəni mühitlə tanışlığı, dünyagörüşlərini zənginləşdirməsi mühüm əhəmiyyət daşıyır. Mənsub olduqları ölkələrdə məhz, onların təqdimatından asılı olaraq diyarımızla bağlı ilkin təsəvvür formalaşır.
Qeyd olunub ki, zəngin tarixi keçmişi, ədəbi-mədəni mühiti, özünəməxsus mətbəxi, rəngarəng təbiəti və milli-mənəvi dəyərlərini qoruyaraq bu günümüzə daşıyan Naxçıvan müasir dövrdə də öz füsunkarlığı ilə göz oxşayır. Bütün bu gözəlliklərin, vacib turizm elementlərinin mövcudluğu qədim diyara gələn hər bir qonağa zəngin təəssürat bəxş edir. Nəticədə, muxtar respublikamıza olan turist marağı ildən-ilə daha da artır.
Naxçıvan Muxtar Respublika Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi tərəfindən təşkil olunan ekskursiya çərçivəsində qonaqlar Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində, Şahbuz Dövlət Təbiət Qoruğunda, Batabat Astrofizika Rəsədxanasında olublar.
Ekskursiyada iştirak edən gənclər sosial şəbəkələrdə paylaşım məqsədilə fotolar, xatirə şəkilləri çəkiblər. Gəzinti Ağbulaq İstirahət Mərkəzində təşkil olunan çay süfrəsi və kanat gəzintisi ilə yekunlaşıb.