Ədəbiyyat İnstitutunda alman türkoloqlarla görüş olub
Bakı, 18 may, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin təşkilatçılığı ilə Almaniyanın Maqdeburq şəhərində yerləşən İCATAT İnstitutunun nümayəndələri ilə görüş olub.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan bildirilib. Tədbirdə Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədli qonaqlara təmsil etdiyi institutun tədqiqat istiqamətləri haqqında məlumat verib. Qeyd edib ki, bu elm ocağı türkologiya, etnologiya, şərqşünaslıq, mədəniyyətlərarası tərcümə (dilçilik) və digər ixtisaslardan olan araşdırmaları özündə birləşdirir. İnstitutun 25 ildən artıqdır ki, tatar araşdırmaları sahəsində aparıcı mövqe tutduğunu, özlərinin nəşriyyat, arxiv və kitabxanasının olduğunu da bildirib. Vurğulayıb ki, bu görüşün əsas məqsədi gələcək əməkdaşlığın əsasının qoyulmasıdır. Bədirxan Əhmədli birgə konfranslar təşkil etməyi, kitab və məqalə çapını təklif edib. Müəllifi olduğu “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” (3 cilddə) kitablarını qonaqlara hədiyyə edib.
İCATAT-ın direktoru türkoloq Mieste Hotopp-Rieke tədbirin təşkili üçün minnətdarlığını bildirib. Azərbaycana səfərlərinin sonunda alman və Azərbaycan dillərində kitab hazırlayıb Frankfurtda “Maurer” nəşriyyatında nəşr edəcəklərini də diqqətə çatdırıb. O, İCATAT tərəfindən çap edilən beş dildə tərtib olunmuş, həmçinin müxtəlif ixtisasları əhatə edən kitabları AMEA-nın kitabxanasına hədiyyə edib.
Tədbirdə filologiya elmləri doktorları Abid Tahirli, Gülər Abdullabəyova, filologiya üzrə fəlsəfə doktorları İsmixan Osmanlı, Leyla Həsənzadə və Folklor İnstitutunun əməkdaşı Əli Şamil də çıxış edərək almanların Azərbaycandakı fəaliyyətlərindən danışıblar. Görüşün təşkilində və alman dilindən tərcümədə Elnurə Qurbanova kömək göstərib.