ƏDLİYYƏ İŞÇİLƏRİ PEŞƏ BAYRAMLARINI QEYD ETMİŞLƏR
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, noyabrın 22-də ədliyyə işçiləri, hakimlər Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarı üstünə də gül dəstələri qoyulmuşdur.
Sonra mərasim iştirakçıları Şəhidlər xiyabanını ziyarət etmiş, müstəqilliyimiz və Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş mərd mübarizlərin xatirəsini ehtiramla anmışlar.
Rəsmi tədbirdən əvvəl iştirakçılar əbədiyaşar liderimizin Ədliyyə Nazirliyindəki büstü önünə əklil qoymuşlar.
Peşə bayramı münasibətilə keçirilən təntənəli yığıncaqda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan geniş quruculuq işlərindən, əldə olunan nailiyyətlərdən və dövlətimizin başçısının ədliyyə orqanları qarşısında qoyduğu mühüm vəzifələrin icrası sahəsində görülən işlərdən danışmışdır. Builki bayramın xüsusi ruh yüksəkliyi ilə qeyd olunduğunu vurğulayan nazir, bütün ədliyyə sistemi üçün müstəsna tarixi əhəmiyyətə malik olan sənədlərin qəbulunun ədliyyə işçilərini qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarının qorunması işinə daha səmərəli xidmətə səfərbər etdiyini bildirmişdir. Nazir bayram ərəfəsində ölkəmizin Prezidentinin bir qrup ədliyyə işçisini və hakimləri dövlət mükafatları və fəxri adlarla təltif etməsini və ali xüsusi rütbələr verməsini dövlətimizin başçısı tərəfindən ədliyyə və məhkəmə fəaliyyətinə göstərilən diqqət və qayğının növbəti təzahürü olduğunu xüsusi vurğulamış, əlamətdar bayram münasibətilə bütün ədliyyə işçilərini təbrik etmişdir.
Təntənəli yığıncaqda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlərdən danışmış, ədliyyə işçilərini və hakimləri təbrik etmişdir.
Azərbaycan Prezidenti tərəfindən təltif olunanlar çıxış edərək, ölkəmizin rəhbərinin ədliyyə və məhkəmə fəaliyyətinə verdiyi yüksək qiymətə görə dərin təşəkkürlərini bildirmişlər.
Ədliyyə nazirinin əmrinə əsasən bir sıra işçilərə ilkin və yüksək rütbələr, fərqlənmiş əməkdaşlara mükafatlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Çıxış edən ədliyyə işçiləri, gənc mütəxəssislər öz fəaliyyətlərini ölkəmizin Prezidentinin yüksək tələbləri səviyyəsində quraraq, ümummilli liderimizin müəyyən etdiyi siyasi xəttin həyata keçirilməsində və Azərbaycanın hərtərəfli tərəqqisində dövlətimizin başçısına bundan sonra da layiqli yardımçı olacaqlarını bildirmişlər.
Bayram münasibətilə digər ölkələrin ədliyyə nazirlərinin və beynəlxalq təşkilatların təbrikləri səslənmişdir.
Tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, baş prokuror Zakir Qaralov və digər qonaqlar iştirak etmişlər.
Yığıncaqda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.