ƏDLİYYƏ NAZİRLİYİNİN KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
Azərbaycan Prezidentinin 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edilməsi ədliyyə orqanlarının fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Nazirliyin aprelin 19-da keçirilmiş kollegiya iclasında dövlətimizin başçısının həmin Fərmanının icrasının təşkili üzrə məsələlər müzakirə edilmişdir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda çıxış edən nazir Fikrət Məmmədov respublika rəhbərliyinin ədliyyə orqanlarına xüsusi diqqət yetirdiyini qeyd edərək, təkcə son 5 il ərzində bu orqanların fəaliyyəti ilə bağlı 100-dən çox normativ hüquqi aktın qəbul olunduğunu, nazirliyin üzərinə yeni mühüm vəzifələr qoyulduğunu bildirmiş, ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edilməsini nazirliyin həyatında mühüm tarixi hadisə kimi qiymətləndirmiş, ədliyyə fəaliyyətinin təkmilləşdirilərək, dövlət başçısının tələbləri səviyyəsində qurulmasında bu sənədin rolunu vurğulamışdır.
Kollegiyada işin yeni Əsasnaməyə uyğun qurulması, ədliyyə orqanlarının üzərinə qoyulmuş vəzifələrin keyfiyyətli və operativ icrasının təmin edilməsi üçün konkret tədbirlər müəyyən olunmuş, müvafiq tapşırıqlar verilmişdir.
Həmçinin, kollegiyada 40-dan çox qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilmişdir.
Avrasiya Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının yerli və beynəlxalq təşkilatların nümayəndələri arasında keçirdiyi sorğu nəticəsində hüquq islahatlarının aparılmasındakı fəaliyyətinə görə Ədliyyə Nazirliyinin ən yüksək təltifə layiq bilinməsi və ədliyyə nazirinin “İlin hüquqşünası” elan edilməsi ilə əlaqədar mükafatların təqdimatı olmuşdur.